İQTİSADİYYAT
Tokioda Azərbaycana həsr edilmiş seminarda iqtisadi nailiyyətlərdən danışılmışdır VİDEO
Tokio, 21 iyun (AZƏRTAC). İyunun 20-də Yaponiyanın paytaxtında “Azərbaycan - gələcəyin ölkəsi” adlı növbəti seminar keçirilmişdir.
Seminarı açan “World İnvestors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida bildirmişdir ki, iyunun 21-də bir qrup yapon iş adamının Azərbaycana işgüzar səfəri başlayır. Seminarın təşkilində məqsəd həmin iş adamlarını, həmçinin tədbirə qatılan iştirakçıları regionun sürətlə inkişaf edən bu ölkəsi haqqında ətraflı məlumatlandırmaqdır.
Seminarda Azərbaycanın iqtisadiyyatı haqqında ətraflı məlumat verilmiş, aparıcı sahələr və son illər müşahidə olunan dinamik inkişaf barədə ətraflı danışılmışdır. Bildirilmişdir ki, ölkə rəhbərliyinin karbohidrogen ehtiyatlarının hasilatından əldə edilən mənfəəti iqtisadiyyatın tərəqqisinə bacarıqla yönəltməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Dünya Bankının və digər beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkədəki mövcud biznes mühitini yüksək qiymətləndirdiyi vurğulanmışdır.
Azərbaycanı Birləşmiş Ərəb Əmirlikləri, Bakını isə Dubay ilə müqayisə edən ekspert burada icra edilən nəhəng “Zira Island”, “Baku White City”, “Khazar Islands” layihələrindən, Heydər Əliyev prospektinin yenidən qurulması işlərindən söz açmışdır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində də böyük layihələrin həyata keçirildiyini vurğulayan K.İşida ölkədə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd etmişdir.
Bildirilmişdir ki, “Avesta” konserni tərəfindən həyata keçirilən “Khazar Islands” layihəsi çərçivəsində Azərbaycan paytaxtında dünyanın ən hündür qülləsinin və ən böyük məscidinin inşası planlaşdırılır.
Təqdimatda Azərbaycanda biznes imkanları, ölkəmizə investisiya qoyuluşunun əlverişliliyi barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, Azərbaycanda əlverişli biznes mühitinin yaradılması istiqamətində son illər mühüm irəliləyişə nail olunmuşdur. Qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş prosedurlar, “Vahid pəncərə” sisteminin tətbiqi kiçik və orta sahibkarlığın təşviqində əhəmiyyətli rol oynamışdır.
“Hotta Co.Ltd.” şirkətinin rəhbəri Moriyuki Hotta Azərbaycana növbəti səfərin proqramı haqqında məlumat vermişdir.
Azərbaycanın Yaponiyadakı səfirliyinin üçüncü katibi, konsul Fuad Bağırov ölkəmizin bir sıra beynəlxalq səviyyəli layihələrə imza atdığını bildirmişdir. F.Bağırov Xəzərin Azərbaycan sektorundakı zəngin neft-qaz yataqlarından, Qafqaz dağlarının gözəlliyindən və Azərbaycanın münbit torpaqlarından danışmış, ölkəmizin yüksək səviyyədə inkişaf etmiş mədən sənayesinə malik olduğunu diqqətə çatdırmışdır.
Seminarda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, TANAP və TAP layihələri barədə geniş məlumatlar da iştirakçıların diqqətinə çatdırılmışdır.
Vurğulanmışdır ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son on bir ildə ümumi daxili məhsulun həcmi dəfələrlə artmışdır və bu, Azərbaycanın sürətli inkişafını təsdiqləyən mühüm faktdır.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio