SİYASƏT
Sutka ərzində atəşkəs rejimi 19 dəfə pozulub VİDEO
Bakı, 15 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.
Ermənistan ordusunun bölmələri iyulun 14-də və 15-də gecə Ermənistanın İcevan və Noyemberyan rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutublar.
Ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.