7-12 yaşlı uşaqlar arasında “Planetimizi Sağaldaq” mövzusunda rəsm müsabiqəsi keçirilir
Bakı, 20 may, AZƏRTAC
Bu il Ümumdünya Ətraf Mühit Günündə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı “Planetimizi Sağaldaq” mövzusunda rəsm müsabiqəsinin keçirilməsi üçün bir araya gəliblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda müsabiqə Azərbaycanda yaşayan və ətraf mühitin qorunmasının vacibliyi barədə məlumatın zənginləşdirilməsində maraqlı olan 7-12 yaşlı uşaqlar arasında keçirilir.
Müsabiqədə iştirak üçün müraciət qaydaları:
Ərizə formasını mayın 26-dək doldurun: https://forms.gle/vUZfNzpEE6s3BBxK8
Bütün rəsmlərin (hər bir iştirakçıya bir qeydiyyat) fotoşəkli çəkilməlidir və ərizəyə əlavə olunmalıdır. Nəzərə alın ki, rəqəmsal təsvirlər münsiflər heyəti tərəfindən qəbul edilməyəcək.
Bütün işlərə xüsusi yaradılmış Münsiflər Heyəti tərəfindən baxılacaq.
Qaliblər qeyri-adilik, texniki bacarıq və ətraf mühitin mühafizəsinə dair şəxsi baxış təqdim edilməsi əsasında seçiləcək.
Ən yaxşı 3 rəsmin müəllifi kitab mağazalarından 100, 70 və 50 AZN məbləğində hədiyyə kartları, rəsm dəstləri və sertifikatlar ilə mükafatlandırılacaq. Bundan əlavə, 10 namizəd fəxri dərəcə ilə təltif olunacaq və simvolik hədiyyələr əldə edəcəklər.
Müsabiqənin nəticələri iyunun 5-də, yəni Ümumdünya Ətraf Mühit Günündə Abşeron Milli Parkında elan ediləcək.
Qeyd edək ki, rəsm müsabiqəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “EU4Climate” layihəsi çərçivəsində təşkil olunur.