İQTİSADİYYAT
Bakının Əhməd Cəmil küçəsinin bir hissəsi əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO
Bakı, 24 avqust, AZƏRTAC
Yasamal rayonunun ərazisindəki Əhməd Cəmil küçəsinin bir hissəsi təmir olunaraq nəqliyyat vasitələrinin istifadəsinə verilib.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə aparılan kompleks tədbirlər çərçivəsində görülüb.
Bəxtiyar Vahabzadə, Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşən yolun ümumi uzunluğu 1200, eni isə 12 metrdir. Təmir-tikinti işləri yolun Bəxtiyar Vahabzadə və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasındakı hissəsində, 520 metrlik ərazidə aparılıb. Burada köhnə asfalt-beton örtüyünün üst qatı yeni örtüklə əvəzlənib. Sözügedən ərazinin təqribən 6 min 500 kvadrat metrlik hissəsinə yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa, Əhməd Cəmil küçəsində köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənir. Həmin ərazidə ümumilikdə 2 min 500 paqonmetr yeni səki daşı düzüləcək.
Hazırda küçənin digər hissəsində, Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında olan ərazidə təmir-tikinti işləri davam etdirilir. Ərazi yeni asfalt-beton örtüyünün döşənməsi üçün artıq hazır vəziyyətə gətirilib. Ümumilikdə Əhməd Cəmil küçəsinin 14 min 500 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.