Balaxanı yolu əsaslı təmir olunaraq istifadəyə verilib VİDEO
Bakı, 24 avqust, AZƏRTAC
Paytaxt ərazisindəki Balaxanı yolu tam yeni görkəmdə nəqliyyat vasitələrinin istifadəsinə verilib.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yolun 4 kilometrlik hissəsinin köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb və yola 30 min kvadratmetr yeni asfalt-beton örtüyü döşənib. Nəticədə uzun müddətdir təmir olunmadığı üçün sıradan çıxmış yol tam yeni görkəm alıb. Hazırda nəqliyyat vasitələri rahat şəkildə bu yoldan istifadə edə bilirlər.
ASC tərəfindən təmir işləri Mehdiabad qəsəbəsinin giriş hissəsində də aparılıb. Balaxanı və Binəqədi yollarının, Mehdiabad qəsəbəsinə şəhərdən gələn yolun və qəsəbənin daxili yolunun birləşdiyi hissədə 5 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyü döşənib. Bununla da, sözügedən ərazidə nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti təmin olunub.