İQTİSADİYYAT
“Sulutəpə dairəsi”ndə tıxac problemini aradan qaldırmaq üçün əlavə tədbirlər görülüb VİDEO
Bakı, 29 avqust, AZƏRTAC
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci kilometrində, “Sulutəpə dairəsi”ndə tıxacları aradan qaldırmaq və nəqliyyat vasitələrinin intensiv hərəkətini təmin etmək üçün əlavə tədbirlər görülüb.
Bu barədə AZƏRTAC-a “Azəryolservis”ASC-dən bildirilib.
Məlumata əsasən, əvvəllər dairəyə Şamaxı istiqamətindən daxil olan nəqliyyat vasitələri bu ərazidə hərəkətdə olan digər nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkətlərinə davam edə bilirdilər. Bu isə həmin istiqamətdə tıxac yaranmasına səbəb olurdu. İndi isə həmin istiqamətdən gələn nəqliyyat vasitələri dairədə gözləmədən hərəkət edə bilirlər. Digər istiqamətdən daxil olan nəqliyyat vasitələri isə gözlədikdən sonra yollarına davam edirlər. Bunun üçün dairədə müvafiq yol nişanları quraşdırılıb.
Bundan başqa, dairəyə daxil olan yollarda genişləndirmə işləri də həyata keçirilib. Yolun kənarlarında yerləşən və səki daşları ilə əhatə olunmuş təhlükəsizlik sədləri kiçildilib. Nəticədə yolun hərəkət hissəsi 3-3,5 metr genişlənib. Şamaxı istiqamətində yol kənarındakı dəmir tirlər götürülüb. Bununla da həmin istiqamətdə də yolun hərəkət hissəsi nəzərəçarpacaq dərəcədə genişlənib.
“Sulutəpə dairəsi”ndə tıxacların aradan qaldırılması üçün atılan bu addımlardan başqa, dairəyə daxil olan yollarda deformasiyaya uğramış hərəkət hissəsinin bərpa edilməsi işləri də aparılıb. Həmin hissələrə yeni asfalt örtüyü döşənib və əyilərək sıradan çıxmış dəmir baryerlər yeniləri ilə əvəzlənib.