İQTİSADİYYAT
Binəqədi rayonunun Axundov və Ə.Rəcəbli küçələrində təmir-tikinti işləri aparılır VİDEO
Bakı, 19 sentyabr, AZƏRTAC
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin Abay Kunanbayev küçəsi ilə kəsişməsindən Mərkəzi Seçki Komissiyasının binasının qarşısınadək olan hissəsində, Əhməd Rəcəbli küçəsinin isə Cəfər Xəndan və Süleyman Sani Axundov küçələri arasındakı olan hissəsində təmir-tikinti işləri aparılır. Görülən tədbirlər piyadaların və nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi daşıyır.
“Azəryolservis”dən AZƏRTAC-a bildirilib ki, təmir işləri aparılan müddətdə sözügedən küçələr hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanır. Süleyman Sani Axundov küçəsinin təmir aparılan hissəsinin uzunluğu 1120 metr, yolun hərəkət hissəsinin eni isə 13,5 metrdir. Burada uzun müddətdir ki, təmir işləri aparılmadığına görə, yolun hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə həm nəqliyyat vasitələrinin, həm də piyadaların rahat və maneəsiz şəkildə hərəkətində çətinlik yaradırdı. Məhz bütün bunlar nəzərə alınaraq sözügedən küçədə təmir işlərinə başlanılıb.
Təmir işləri zamanı köhnə asfalt örtüyünün üst qatı qaşınaraq, əvəzinə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 14 min 500 kvadratmetr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Bundan başqa təmir-tikinti işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları da dəyişdirilıb.
Müvafiq işlər Əhməd Rəcəbli küçəsinin Cəfər Xəndan və Süleyman Sani Axundov küçələri arasındakı olan hissəsində də aparılır. Burada təmir olunan ərazinin uzunluğu 522 metr, yolun hərəkət hissəsinin eni isə 13 metrdir. Təmir-tikinti işləri çərçivəsində sözügedən küçənin 6700 kvadratmetr sahəsinə yeni yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Təmir-tikinti işlərinin yaxın günlər ərzində yekunlaşdırılması planlaşdırılır. Bu məqsədlə əraziyə “Azəryolservis” ASC tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.