Qusar rayonunun Hil kəndində 720 şagird yerlik yeni məktəb binasının inşası yekunlaşmaq üzrədir VİDEO
Qusar, 3 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun Hil kəndində son iki ildə inşa olunan üçüncü yeni məktəb binasının tikintisi də yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, 720 şagird yerlik, üçmərtəbəli binada 32 sinif, 9 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompyuter otaqları, idman, akt, oxu zalları, kitabxana və 180 yerlik yeməkxana olacaq.
Rayon mərkəzindən 12 kilometr məsafədə yerləşən kənddə təhsil ocağının inşasına cari ilin əvvəlindən başlanılıb. Hazırda məktəbin dam örtüyü vurulur.
Qeyd edək ki, 1500 nəfərdən çox sakini olan Hil Qusarın ən böyük kəndlərindən sayılır. Bu, Hil kəndində inşa olunan üçüncü məktəb binasıdır. Ümumilikdə son 5 ildə Qusarda 40 yeni məktəb binası tikilib. 2014/2015-ci tədris ilinin əvvəlində Qusar rayonunun Atlıxan, Kufoba, Əniğoba, Hiloba, Aşağı İmamqulukənd və Çubuqlu kəndlərində tikilən yeni məktəb binaları şagirdlərin istifadəsinə verilib. 2015-ci ilin mart ayında isə Hil və Bədirqala kəndlərində yeni inşa olunan məktəb binalarının açılışı olub.