9-CU AZƏRBAYCAN BEYNƏLXALQ SƏHİYYƏ SƏRGİSİ AÇILIR
İTECA Caspian Ltd. təşkilatçı şirkətinin direktoru Fərid Məmmədov bildirdi ki, Azərbaycan Səhiyyə Nazirliyinin, Ticarət və Sənaye Palatasının köməyi ilə təşkil olunmuş sərgidə 20 ölkənin 82 şirkəti iştirak edəcəkdir. Əvvəlki illərlə müqayisədə bu il sərginin ekspozisiya sahəsi, təxminən 50 faiz genişlənmiş, iştirakçıların sayı isə 25 faiz artmışdır. Cari ildə yerli şirkətlərin sərgiyə daha fəal qoşulduğu müşahidə edilir ki, bu da ölkənin tibb sektorunun inkişafına və buraxdığımız məhsula yerli və xarici istehlakçıların tələbatının artdığına sübutdur. Sərgi iştirakçılarının 35 faizi yerli şirkətlərdir.
Ticarət və Sənaye Palatasının vitse-prezidenti Mehman Əhmədov ölkəmizdə səhiyyənin inkişafında sərginin əhəmiyyətini vurğulayaraq, Bakıda öz nümayəndəliklərini açmış xarici şirkətlərin sayının artdığını bildirdi. O dedi ki, bu sərgi iqtisadiyyatın neft-qaz sənayesi ilə bağlı olmayan sahələrinin inkişafına mühüm töhfədir.
Sərgi çərçivəsində Azərbaycan, Rusiya, Türkiyə və Almaniyanın 200 nəfərdən çox mütəxəssisinin iştirakı ilə kardiologiyaya dair ikigünlük elmi-praktik konfrans keçiriləcəkdir. Sərginin meneceri Rüxsara Məmmədsalahova müxbirimizə bildirdi ki, konfransdan məqsəd ürək-damar sistemi xəstəliklərinin müalicəsi sahəsində yeni metodları nümayiş etdirmək, yeni preparatların təqdimat mərasimini keçirmək və diaqnostika metodlarını təkmilləşdirməkdir.