REGİONLAR
Əməkdar Rəssam Fərman Qulamovun 70 illik yubileyi qeyd olunub
Astara, 21 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 21-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar Rəssam Fərman Qulamovun 70 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov Əməkdar Rəssamın sənət aləmində qazandığı uğurlardan söhbət açıb. Bildirilib ki, Fərman Qulamov sehrli fırçanın gücü, rənglərin harmoniyası ilə nadir incilər, bənzərsiz sənət nümunələri yaradaraq ömür yolunu xalqımızın mədəniyyətinin, qədim adət-ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilərək gələcək nəslə çatdırılmasına həsr edib.
Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva Fərman Qulamovun həyat və yaradıcılığı barədə məruzə edib.
Bildirilib ki, əsərləri dünyanın bir çox ölkələrində nümayiş etdirilən F.Qulamov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim kimi də fəaliyyət göstərir.
Ölkəmizin mədəni həyatında uzun müddət səmərəli fəaliyyəti, xalqımızın milli təsviri sənət nümunələrinin yaşadılmasında, Azərbaycan rəngkarlığında əvəzsiz xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilərək 2006-cı ildə Fərman Qulamova Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adı verilib.
Mərasimdə çıxış edənlər Fərman Qulamovun yaradıcılığının bədii məziyyətlərindən söhbət açaraq, onunla bağlı xatirələri yada salıblar.
Çıxışlarda qeyd edilib ki, əsərlərində bədii milli ruhun qabarıq ifadə olunması F.Qulamovun xalqımızın qədimdən qaynaqlanan təsviri sənət nümunələrinə dərindən bələd olduğunu və bu sənətə qəlbən bağlılığını göstərir.
Əməkdar Rəssamın bənzərsiz yaradıcılığı ustad rəssamlar tərəfindən yüksək qiymətləndirilib və o, “Müasir rəngkarlıqda ənənənin qorunmasına görə” mükafatına da layiq görülüb.
Tədbirdə çıxış edən Fərman Qulamov göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Mərasimdə F.Qulamova rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim olunub.