MƏDƏNİYYƏT
Bakı Bələdiyyə Teatrında “Nargin faciəsi” tamaşası nümayiş olunacaq
Bakı, 5 noyabr, AZƏRTAC
Bakı Bələdiyyə Teatrının yaranmasının 29-cu ildönümü münasibətilə sənət ocağının yaradıcı kollektivi yeni səhnə əsəri ilə çıxış edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, yazıçı Rəfail Oğuztürk Dağlının “Nargin faciəsi” əsəri əsasında hazırlanan eyniadlı tamaşa 1914-1915-ci illərdə rus-türk cəbhəsində Sarıqamış əməliyyatında əsir düşmüş və Nargin adasında çox ağır şəraitdə saxlanıldıqlarına görə əksəriyyəti həlak olmuş minlərlə türk əsgərinin və azərbaycanlı mülki şəxslərin xatirəsinə ithaf edilib.
Noyabrın 10-da göstəriləcək səhnə əsərinin bədii rəhbəri mərhum Xalq artisti Amaliya Pənahova, rejissoru isə Tural Ağayevdir. Rolları Əməkdar artistlər Rafiq İbrahimov, Tofiq Bayramov, Əfqan Soltanov, Əhməd Salahov, “Humay” mükafatı laureatları Zülfiyyə Qurbanova, Tural Əhmədov, Cövdət Şükürov, Toğrul Rza, Asif Rəhimov, Rəşid Soltanov və Namiq Cavadov ifa edəcəklər.
Unudulmaz sənətkar Amaliya Pənahova bu tamaşanın Türkiyə-Azərbaycan dostluğunun tarixi köklərinə işıq saldığını demiş və əlavə etmişdir ki, bu tamaşada məqsədimiz türkün birliyini göstərmək və tarixi şəxsiyyətlərimizi unudulmağa qoymamaqdır.