İDMAN


Çingiz Hüseynzadə: Beynəlxalq həmrəylik tennis çempionatını dünya reytinqinə daxil etməyə çalışırıq

Bakı, 23 iyul, AZƏRTAC 

Beynəlxalq həmrəylik tennis çempionatının yalnız İslam ölkələrinin idmançılarının iştirak etdikləri turnir deyil, irimiqyaslı beynəlxalq yarış kimi dünya reytinqinə salınmasına çalışırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının Yerli Əməliyyat Komitəsinin sədri, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə turnirin açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.

Ötən il Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdiyini xatırladan Ç.Hüseynzadə bildirib ki, İslamiadanın irsini davam etdirmək məqsədilə Milli Olimpiya Komitəsi və İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) bu turniri təşkil edib. Çempionatın ənənəvi xarakter almasının əsas məqsəd olduğunu vurğulayan Ç.Hüseynzadə deyib: “İmzalanmış memoranduma əsasən, beş il ərzində Bakıda MOK-un və İHİF-in təşkilatçılığı ilə turnirlər keçiriləcək. Bu çempionat həm də 2019-cu ildə Bakıda keçiriləcək Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalının tennis yarışlarına hazırlıq xarakteri daşıyır. Əvvəlki çempionatlardan fərqli olaraq, builki turnirdə Rusiyadan və Belarusdan idmançılar da iştirak edirlər. Ümidvaram, Azərbaycan tennisçiləri də bu çempionatda uğurla çıxış edərək müvəffəqiyyət qazanacaqlar”.

MOK-un vitse-prezidenti gələn il Milli Olimpiya Komitəsi tərəfindən idmanın bir neçə növü üzrə idmançılar, məşqçilər və hakimlər üçün kursların təşkil olunacağını diqqətə çatdırıb. O, tennis üzrə kursların gələn il təşkil olunmasının planlaşdırıldığını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.