REGİONLAR


Erməni hərbçiləri Füzuli rayonunda taxılbiçən kombaynı atəşə tutub - FOTO VİDEO

Füzuli, 29 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Mayın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən Aşağı Əbdürrəhmanlı kəndi ərazisində taxıl sahəsində arpa biçən kombaynı atəşə tutub. Nəticədə kombayna 10-dan çox güllə dəyib.

Kombaynın sürücüsü Taleh Həsənov AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Sahədə kombaynla arpa biçirdim. Birdən kombaynın ön şüşəsi qırıldı. Nə olduğunu anlamadım. Bu zaman ikinci güllənin dəyməsi nəticəsində şüşə tamamilə qırılıb yerə töküldü. Özümü itirmədim. Dərhal kombaynın arxasını güllə gələn tərəfə çevirib, enişə doğru sürdüm. Ancaq düşmən atəş açmaqda davam edirdi. Gördüyünüz kimi, kombayna 10-dan çox güllə dəyib”.

Düşmənin tez-tez atəşkəsi pozduğunu deyən T.Həsənov onların məqsədinin dinc sakinlərə zərər vermək olduğunu bildirib. Qeyd edib ki, düşmənin təxribatları kənd sakinlərini qorxutmur. Cəbhə bölgəsinin sakinləri Ali Baş Komandana, Azərbaycan Ordusuna güvənərək, gündəlik məişət və təsərrüfat işləri ilə məşğuldurlar.

Qeyd edək ki, düşmən təmas xəttinə yaxın kəndləri mütəmadi olaraq atəşə tutur. Ermənistan silahlı qüvvələri tərəfindən ötən ilin iyul ayında Füzuli rayonunun Alıxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslər – Sahibə Allahverdiyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həlak olub. Bu il aprelin 18-də Ermənistan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Ağcabədinin Yuxarı Qiyaməddinli kənd sakini Hacıyev Rahim Azər oğlu əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən yaralanıb. Mayın 2-də isə Ağdamın Çəmənli kəndi ərazisində subartezian quyusunu təmir edən rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşları düşmənin atəşinə məruz qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.