İDMAN
İslam Abbasov: Çalışacağıq ki, dünya çempionatından Vətənə medalla qayıdaq
Bakı, 13 oktyabr, AZƏRTAC
Budapeştdə keçiriləcək dünya çempionatına çox ciddi hazırlaşırıq. Bilirik ki, bizi çətin mübarizə gözləyir. Ona görə də var gücümüzlə məşq edirik. Düzdür, bir az yorğunluq var. Ancaq dünya çempionatı ərəfəsində istirahət edib, gücümüzü bərpa etmək imkanımız olacaq.
AZƏRTAC xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə yığma komandamızın üzvü, gənclər arasında dünya və Avropa çempionu İslam Abbasov jurnalistlərə müsahibəsində deyib.
Yığmamızın dünya çempionatına hazırlıq prosesi barədə məlumat verən güləşçi bildirib: “Sparrinq rəqiblərimə təşəkkür edirəm. Onlarla birgə məşq etmək mənə çox kömək edir. Bizə göstərilən yüksək diqqət və qayğıya görə federasiya rəhbərliyinə minnətdarıq. Çalışacağıq ki, Vətənə medalla qayıdaq. Dünya çempionatında mənim çıxış edəcəyim çəki dərəcəsində 10-a yaxın favorit güləşçi var. Güclü rəqiblərlə qarşılaşacağam. Ona görə də çempionata çox yaxşı hazırlaşmaq lazımdır. İnşallah, əziyyətimiz yerdə qalmaz”.