DÜNYA


İsveç son 260 ilin ən isti iyul ayını yaşayır

Stokholm, 23 iyul, AZƏRTAC

İsveç son 260 ilin ən isti iyul ayını yaşayır və ölkəni cənginə alan meşə yanğınlarının öhdəsindən gələ bilmir.

AZƏRTAC xəbər verir ki, İsveçin paytaxtı Stokholmda orta aylıq temperatur göstəricilərini 1756-cı ildən qeydə almağa başlayıblar. İsveç meteoroloqları bildirirlər ki, bu ilin iyul ayı meteomüşahidələrin bütün tarixi ərzində ən isti və quraq iyul ayıdır. Bütün ay ərzində havanın temperaturu nadir hallarda 30 dərəcədən aşağı düşüb, yağıntının miqdarı isə o dərəcədə az olub ki, ölkə çox güclü quraqlıq problemi ilə üzləşib.

Yerli KİV-lər yazırlar ki, indiki hava şəraiti bu şimal ölkəsinə xas olmayan haldır. Meteoroloqlar bildirirlər ki, bu həftə termometrin civə sütunu bir qədər də yüksələcək.

Bütün bunlar İsveçin üzləşdiyi digər qorxunc hadisənin – meşə yanğınlarının fonunda daha böyük problem yaradır. Ölkə ərazisində meşə yanğınları baş alıb gedir. Yanğınların qarşısını almağa gücü çatmayan İsveç Avropa İttifaqından yardım istəyib. Ən iri yanğın ocaqları İsveçin mərkəzi bölgələrində - Yevleborq, Yemtland, Dalarna və Helsinqlandda, habelə şimalda - Qütb dairəsi zonasında və Baltik dənizindəki Qotland adasındadır. İsveç radiosunun məlumatına görə, ölkənin müasir tarixində ən iri meşə yanğınları Yusdal kommunasında (Yevleborq dairəsi) qeydə alınıb. Burada 13 min hektardan çox meşə sahəsi alovlar içindədir.

Ölüm halları və yaralılar barədə məlumat hələlik yoxdur. Hakimiyyət orqanları risk zonasında yerləşən şəhər və kəndlərin sakinlərini müntəzəm olaraq təxliyə edirlər. Təbii fəlakətə qarşı mübarizə tədbirlərinə yanğınsöndürənlərlə bərabər, hərbçilər və könüllülər cəlb olunub.

İyulun 21-də Avropa İttifaqı İsveçə əlavə yardım göstərəcəyini vəd edib. Aİ-nin rəsmi bəyanatında deyilir: “Komissiya fasiləsiz işləyir, çünki İsveç görünməmiş miqyasda meşə yanğınlarına qarşı mübarizə aparmaq üçün Aİ-dən yardım istəyib”.

Bu arada İtaliya və Fransanın yanğınsöndürən təyyarələri, Norveç və Almaniyanın helikopterləri artıq İsveçdə işləyir. Daha əvvəl Polşadan xeyli yanğınsöndürən maşın və 140-dan çox yanğınsöndürən, Almaniyadan yanğınsöndürənlərdən ibarət böyük qrup və Fransadan əlavə qüvvələr İsveçə gəlib. Litva və Danimarka da kömək edəcəklərinə söz veriblər.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Ctokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.