MƏDƏNİYYƏT
Kitabxanada “Sonuncu ölən ümidlər” adlı tədbir təşkil olunub
Bakı, 24 fevral, AZƏRTAC
Respublika Uşaq Kitabxanasında Xocalı faciəsinə həsr olunmuş “Sonuncu ölən ümidlər” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə tanınmış yazıçı Varis Yolçuyevin Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevə həsr etdiyi “Qırmızı ləçəklər” kitabının müzakirəsi baş tutub.
Yazıçı Varis tədbirdə iştirak edən tələbə-gənclərə amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək ona ünvanlanan sualları cavablandırıb.
Tədbirin keçirilməsində məqsəd, gənclərə tariximizi, qan yaddaşımızı aşılamaq, vətənpərvərlik hisslərini oyatmaq, Xocalı hadisələri barədə daha dolğun məlumat formalaşdırmaq, onlara tariximizi mənimsətmək, qan yaddaşımıza yazılan bu faciəni bir daha xatırlatmaq və vətən uğrunda şəhid olan oğul və qızlarımızı heç zaman unutmamaqdır.
Sonda kitabxana əməkdaşları tərəfindən Xocalı qurbanlarına həsr olunmuş təqdimat nümayiş etdirilib.