REGİONLAR


Naxçıvanda görkəmli rəssam İbrahim Səfiyevin əsərlərindən ibarət sərgi açılıb

Naxçıvan, 30 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda görkəmli rəssam İbrahim Səfiyevin əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva tədbirdə çıxış edərək rəssamın irsinin öyrənilməsinə göstərilən dövlət qayğısından danışıb. O deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 oktyabr tarixli Sərəncamı Türk dünyasının tanınmış rəssamının həyat və yaradıcılığının daha geniş tədqiq olunmasına və öyrənilməsinə xidmət etməklə bərabər, həm də görkəmli sənətkarın irsinə göstərilən diqqətin və muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək dəyərin ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, bu gün görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyi münasibətilə onun əsərlərindən ibarət sərgi keçirilir. Əslən naxçıvanlı olan rəssam türk rəssamlıq sənəti tarixində özünəməxsus üslubu ilə tanınıb və Türkiyə rəssamlığına yeni nəfəs gətirib. Dünya incəsənətinin mütərəqqi ənənələrinin davamçısı olan rəssam boyakarlığın müxtəlif janrlarında çoxlu tablo, o cümlədən mənzərələr, portretlər yaradıb. Onun rəsm əsərlərində hiss və duyğular, biçim və forma, rəng fırçanın gücü ilə böyük ustalıqla təsvir olunub. Görkəmli rəssam sənətə bağlı ömrünü saysız-hesabsız qiymətli əsərləri ilə zənginləşdirib.

Ülviyyə Həmzəyeva Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə görkəmli rəssam İbrahim Səfiyevin irsinə göstərdiyi yüksək diqqət və qayğıya görə muxtar respublika rəssamları və ziyalıları adından minnətdarlığını bildirib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında vurğulayıb ki, muxtar respublikada bütün sahələrlə yanaşı, tariximizin qaranlıq səhifələrinə də işıq salınır, tarixi şəxsiyyətlərimiz xalqımıza və geniş ictimaiyyətə təqdim edilir, tanıdılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iki sərəncamı – görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi və görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqındakı tarixi qərarları muxtar respublika ziyalılarının və geniş ictimaiyyətin dərin marağına və minnətdarlığına səbəb olub.

Qeyd edilib ki, İbrahim Səfiyev kiçik yaşlarından rəsmə həvəs göstərib, 12 yaşında ikən “Araz balıqçıları” adlı ilk rəsmini çəkib. Daha sonra məlum səbəblərə görə yaşadığı sıxıntılara baxmayaraq, bütün həyatını tamamilə sənətə həsr edib. O, yaradıcılığında realizmə üstünlük verib, dünya incəsənətinə xas ənənələri öz əsərlərində nümayiş etdirib. Dünyanın bir çox ölkələrində sənətkarın fərdi sərgiləri təşkil olunub. Rəssamın qalın rəng mozaikasından istifadə etdiyi portretlərində və digər əsərlərində yenilik və qeyri-adilik özünü aydın büruzə verir.

Sonra sərgiyə baxış keçirilib.

Qeyd edək ki, ekspozisiyada rəssamın 53 rəsm əsəri sərgilənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.