REGİONLAR
“Nənələr”dən “Nəvələr”ə ötürülən sənət
Lənkəran, 30 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun Separadi kəndində fəaliyyət göstərən “Nənələr” folklor kollektivi yaddaşlarda təkcə gözəl ifa tərzi ilə deyil, həm də mədəniyyətimizə töhfələr vermiş ağbirçəklər kimi iz salıb. Repertuarında Azərbaycan və talış dillərində 100-dən çox bayatı və el nəğməsi olan 6 nəfərlik kollektivin mahnı və rəqslərimizin qorunub saxlanmasında, onların gələcək nəsillərə çatdırılmasında xidmətləri böyükdür. Bu gün nənələr “Nəvələr” mahnı və rəqs qrupunun üzvlərinə bu işi böyük həvəslə öyrədirlər.
AZƏRTAC xəbər verir ki, əsası 1970-ci ildə Lənkəran Şəhər Mədəniyyət Şöbəsinin sabiq müdiri Şövkət Səfərovanın təşəbbüsü ilə qoyulan “Nənələr” folklor kollektivinin əvvəllər 4 üzvü olub: Gülbacı, Ağabacı, Xanımbacı və Qızbəs bacıları. Buna görə də ilk vaxtlar onlar "Bacılar" adı ilə fəaliyyət göstəriblər. Maraqlı və gözəl ifa tərzi olan qrup ilk olaraq “Xınayaxdı”, “Paltarkəsdi” kimi toy məclislərində çıxış edib. Qrupun üzvləri olan Ağabacı və Gülbacının vəfatından sonra "Bacılar" adı dəyişdirilib.
"Nənələr" adını kollektivə ilk dəfə 1997-ci ildə Lənkəranda səfərdə olan ümummilli lider Heydər Əliyev təklif edib. Bacılar bu gözəl təklifi dərhal qəbul ediblər və o vaxtdan "Nənələr" adı ilə fəaliyyət göstərirlər. "Nənələr" folklor kollektivi bu gün də Azərbaycanın bir çox bölgələrinə toy məclislərinə dəvət alır, ölkəmizdə olduğu kimi, xaricdə yaşayan soydaşlarımız qarşısında maraqlı konsert proqramı ilə çıxış edirlər.
Hazırda "Nənələr"in yolunu uğurla davam etdirən yeni bir qrup yaradılıb. Bu qrupun adı da özünəməxsusdu – “Nəvələr” mahnı və rəqs qrupu. “Nəvələr” qrupu Lənkəran şəhərindəki 5 nömrəli uşaq bağçasında yaradılıb. Hazırda nənələr nəvələrə folklor nümunələrini böyük həvəslə öyrədirlər.
Qeyd edək ki, “Nənələr” folklor kollektivinin iyunun 30-da Bakıda Heydər Əliyev Sarayında “Azərbaycan-doğma diyar” devizi ilə keçiriləcək milli azlıqların V Respublika Festivalında çıxışı da gözlənilir. Əminik ki, kollektivin çıxışı paytaxt tamaşaçıları tərəfindən də alqışlarla qarşılanacaq.