MƏDƏNİYYƏT
“Qonağım ol” layihəsi çərçivəsində növbəti virtual görüş keçiriləcək
Bakı, 17 fevral, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkil etdiyi “Qonağım ol” layihəsinin növbəti canlı yayımında Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi psixologiya kafedrasının müəllimi, kafedranın fəlsəfə proqramı üzrə doktorantı, ABA psixoloji mərkəzin uşaq psixoloqu Aynur İsgəndərova ilə oxucular arasında virtual görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində psixoloq tərəfindən “uşaqlara kitabları necə sevdirək”, “uşaqlarda məsuliyyət hissini necə formalaşdırmalı”, “uşaqların inkişafında oyunun rolu”, mövzuları haqqında ətraflı məlumatlar veriləcək. Həmçinin, oxucular canlı yayım vasitəsi ilə psixoloqla həmsöhbət olmaq və onlara maraqlı olan suallara cavab tapmaq imkanı da əldə edəcəklər.
Ailədə və tərbiyə müəssisələrində uşağın düzgün tərbiyə edilməsi üçün uşaq psixologiyasını öyrənmək olduqca vacibdir. Yalnız bu halda uşaqların tərbiyə olunmasında, uşaqlarla münasibətlərdə yol verilən xətaların qarşısını almaq mümkündür. Əsas məqsəd, valideynlərlə yanaşı uşaqların tərbiyə olunmasında iştirak edən şəxslərin uşaq psixologiyası haqqında düzgün maarifləndirilməsinə nail olmaqdır. Doğru psixoloji metodlar vasitəsi ilə uşaqların intellektual səviyyəsinin inkişafında mühüm rol oynayan kitabları onlara sevdirmək, oxu vərdişlərini artırmaq, kitab və kitabxanaların rolunu onların hərtərəfli inkişafındakı əhəmiyyətini bir daha vurğulamaqdır.
Qeyd edək ki, onlayn görüş fevralın 19-da, saat 15:00-da kitabxananın “Instagram” sosial şəbəkəsi vasitəsilə baş tutacaq.