MƏDƏNİYYƏT
Respublika Uşaq Kitabxanası VIII Bakı Beynəlxalq Kitab Sərgisində öz tədbirlərinə start verib
Bakı, 7 oktyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində F.Köçərli adına Respublika Uşaq Kitabxanası kitab təqdimatları ilə iştirak edir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 7-də sərginin “Təhsil” Nəşriyyatının stendində uşaq yazarı Raziyyə Rəhimzadənin rus dilində nəşr olunmuş “Qədim Bakı haqqında əfsanələr” kitabının imza günü keçirilib. Qeyd edək ki, kitab Köçərli adına Respublika Uşaq Kitabxanasının və “Təhsil” Nəşriyyat Poliqrafiya Müəssisəsinin birgə əməkdaşlığı çərçivəsində nəşr olunub. Yazıçı Raziyyə Rəhimzadənin kitabda 11 hekayəsi yer alıb. Sanki müəllif öz hekayələrində bir sehrbaz kimi tarixi Odlar diyarının şəklinin xalçasını toxuyur.
Raziyyə Rəhimzadənin bundan başqa uşaqlar üçün hekayə və əhvalatlardan ibarət “Zəfəran qəsəbəsinin tarixi” adlı kitabı rus dilində nəşr olunub.
Kitabın naşiri Tural Axundov, redaktoru Elşadə Əzizova, rəssamı Nigar Mustafayevadır.
Sərgi çərçivəsində keçirilən kitab təqdimatının əsas məqsədi uşaqların intellektual inkişafında kitabın rolunu qeyd etmək, onları mütaliəyə həvəsləndirməkdir.