İDMAN
Roberto Bordin: Komandamın oyunundan razı qaldım
Bakı, 1 dekabr, Nicat Məmmədov, AZƏRTAC
İlk növbədə futbolçuları təbrik edirəm. İki nəfər azlıqda qalsaq da, son anadək mübarizə apardılar. Komandamın oyunundan çox razıyam.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının XIII turunda "Sabah"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Baş məşqçi oyunun hakiminin verdiyi qərarlara yenidən baxılmağı istəyib: "Səhv etmirəmsə, 11 sarı vərəqə oldu və bunlardan 3-cü qırmızı vərəqəyə çevrildi. Hamını bu şübhəli epizodları bir daha izləməyə çağırıram. Komandamın oyunundan razı qaldım”.
Oyundan kənarlaşdırılan "Neftçi" klubunun əsas qol silahı sayılan fransalı futbolçu Baqali Daboda hakimin ona göstərdiyi qırmızı vərəqə haqqında oyundan sonra fikrini bildirib: "Asan qələbə qazanmadıq. Bu qələbə həm də hakimin haqsız qərarlarına görə çətin alındı. İlk sarı vərəqədən sonra hakim sanki məni ikinci dəfə cəzalandırmaq istəyirdi. Bunun səbəbi mənim üçün qaranlıq qaldı. Hər halda, göstərdik ki, 9-10 nəfərlə də qalib gəlməyi bacarırıq. Onu da deyim ki, belə qələbələr komanda ruhunu daha da möhkəmləndirir, bizi daha güclü edir. Bunu növbəti matçlarda göstərəcəyik. Qırmızı vərəqə aldığım epizodda penalti olub-olmadığını dəqiq deyə bilmərəm, amma simulyasiya yox idi”.
“Flaqman” ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Əks-hücumlara bel bağlayan “Sabah” klubu matçın 21-ci dəqiqəsində qapısında qol görüb. Müdafiəçi Anton Krivotsyuk kapitan Emin Mahmudovun künc zərbəsini dəqiq baş zərbəsi ilə tamamlayıb – 0:1. Qarşılaşmanın 33-cü dəqiqəsində baş hakim Rəhim Həsənov “Neftçi”nin futbolçusu Tural Axundova ikinci sarı vərəqə göstərərək, onu meydandan kənarlaşdırıb. Birinci hissənin başa çatmasına beş dəqiqə qalmış paytaxt təmsilçisi hesabı artırıb. Mirabdulla Abbasov adını tabloya yazdırıb – 0:2. Bu, Azərbaycan milli komandasına yenicə dəvət almış gənc hücumçunun Premyer Liqada vurduğu 7-ci qolu olub. Birinci hissə “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın 70-ci dəqiqəsində Rəhim Həsənov oyunda ikinci dəfə qırmızı vərəqə göstərib. Hakim bu dəfə “Sabah” klubunun futbolçusu Vandersson Silvanı oyundan kənarlaşdırıb. Matçın 74-cü dəqiqəsində “flaqman”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib. Marko Deviç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi minimuma endirib – 1:2.
Görüşün 83-cü dəqiqəsində Baqali Dabo da meydandan kənarlaşdırılıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.
Bu qələbədən sonra “Neftçi” xallarının sayını 32-yə çatdıraraq turnir cədvəlində liderliyini qoruyub. “Sabah” isə 17 xalla dördüncü yerdədir.
Qeyd edək ki, bu komandalar arasında ilk dövrədəki oyunda flaqman qələbə qazanıb - 2:0.