CƏMİYYƏT
Salyan rayonu ərazisində 1 ədəd partlamamış mərmi tapılıb
Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 22-də saat 17:01-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Salyan rayonu, Bəndovan qəsəbəsi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 140 mm raket (M-14) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.