ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır
Bakı, 9 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tələbə-gənclərin sosial-mədəni həyatının zənginləşdirilməsi və yaradıcı potensialının üzə çıxarılması istiqamətində mühüm təşəbbüslər reallaşdırılmaqdadır.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, filialın direktoru professor Yusif Alıyevin təşəbbüsü ilə tələbələrdən ibarət lokal instrumental ansamblın yaradılması nəzərdə tutulur. Bu təşəbbüs ali təhsil mühitində estetik zövqün formalaşdırılması, milli-mədəni dəyərlərin təbliği və tələbələrin asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyət daşıyır. Filialın musiqi bacarıqları olan tələbələri ilə təşkil olunan görüşdə təşəbbüsün əhəmiyyəti və perspektivləri haqqında məlumat verilib.
Görüş zamanı Yusif Alıyev tələbələrlə söhbət edərək vurğulayıb ki, ali təhsil yalnız akademik biliklərlə məhdudlaşmamalı, eyni zamanda, tələbələrin mədəni-estetik inkişafını da əhatə etməlidir. Professor gənclərin təşəbbüskarlığını yüksək qiymətləndirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, yaradıcı təşəbbüslərin daim dəstəklənəcəyini bildirib.
Ansamblın tərkibi ilə bağlı təqdimatda filialın tələbələri Əminə Vəliyeva, Xədicə Orucova, Leyla Heydərova, Xumar Qədirova, Tofiq Dadaşov, Nərmin Abdullayeva, Türkanə Qazıyeva, Yeganə Harunova və Nərgiz Abdullayevanın lokal instrumental ansamblda fəaliyyət göstərəcəkləri qeyd olunub. Bu gənclərin bir araya gətirilməsi filialda yaradıcı mühitin formalaşdırılması və kollektiv fəaliyyət bacarıqlarının inkişafı baxımından mühüm addım kimi qiymətləndirilir.