Ali təhsildə təcrübə: Özbəkistan və Qazaxıstan alimləri Qubada
Bakı, 9 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında beynəlxalq elmi-pedaqoji əlaqələrin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılır.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, Özbəkistannın nüfuzlu ali təhsil müəssisələrindən olan Urgənc Dövlət Universitetinin professor-müəllim heyətindən ibarət nümayəndələri filialda olublar. Səfərin əsas məqsədi müasir ali təhsil mühitində qarşılıqlı təcrübə mübadiləsinin aparılması, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, innovativ pedaqoji yanaşmaların tətbiqi istiqamətində fikir mübadiləsinin genişləndirilməsi, həmçinin gələcək elmi-tədqiqat və akademik əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsidir.
Qonaqlarla görüşdə ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev Azərbaycanla Özbəkistan arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin tarixi köklərinə toxunaraq, bu əlaqələrin ali təhsil müstəvisində daha da möhkəmləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. O, eyni zamanda, iki ali təhsil müəssisəsi arasında formalaşan qarşılıqlı etimada əsaslanan müsbət akademik mühitin gələcək birgə layihələr üçün geniş imkanlar açdığını qeyd edib.
Səfər müddətində keçirilən işgüzar görüşlərdə tədris və elmi fəaliyyət sahəsində təcrübə mübadiləsi həyata keçirilib, birgə elmi-tədqiqatların təşkili, müəllim və tələbə mübadiləsi proqramlarının genişləndirilməsi kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin Qazaxıstanın İbray Altynsarin adına Arkalık Pedaqoji Universitetinin nümayəndə heyəti də filialda olub. Qonaqlar tərəfindən məlumat xarakterli seminar təşkil edilib, təqdimatlar zamanı müasir pedaqoji yanaşmalar, innovativ tədris metodları və beynəlxalq təcrübə ilə bağlı ətraflı məlumat verilib. Proqram çərçivəsində qonaqlar filialda müxtəlif ixtisaslar üzrə keçirilən dərslərdə iştirak edib, tədris prosesini yerində müşahidə edərək ali təhsil mühitinin təşkili ilə yaxından tanış olublar. Bununla yanaşı, “Təhsildə trendlər” mövzusunda keçirilən təlimlərdə çağdaş təhsil modelləri, rəqəmsallaşma və tələbəyönümlü yanaşmalar geniş müzakirə olunub.
Sonra nümayəndə heyəti filialın Özbəkistan-Azərbaycan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində pedaqoji kollektivlə görüş keçirib. Görüşdə tərəflər arasında elmi-pedaqoji sahədə əməkdaşlıq, akademik mübadilə və birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.