Qarsda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Ankara, 9 may, AZƏRTAC
Qars şəhərindəki Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, görkəmli siyasətçi Heydər Əliyevin xatirəsini anmaq üçün tədbirə diplomatlar, Türkiyədə fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri və ictimaiyyət təmsilçiləri toplaşıblar.
Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.
Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev jurnalistlərə açıqlamasında dahi dövlət xadimininölkəmizin inkişafındakı tarixi xidmətlərindən, eləcə də Türk dünyasında əlaqələrin möhkəmlənməsində oynadığı roldan danışıb.
“Bir millət, iki dövlət” kəlamı bu gün də xalqlarımız və dövlətlərimiz arasındakı münasibətlər üçün bələdçidir. Böyük Liderin anadan olmasının 103-cü ildönümündə Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasını qürurla qeyd edirik”, – deyə Zamin Əliyev bildirib.
Baş konsul vurğulayıb ki, Heydər Əliyev və Mustafa Kamal Atatürkün vəsiyyətlərinə sadiq qalaraq qardaş ölkələr arasında əməkdaşlığın inkişafına bundan sonra da davamlı töhfə verilməlidir.
Diplomat xatırladıb ki, Ümummilli Lider Heydər Əliyev 2002-ci ildə Qarsa səfər edib və həmin vaxt ona Qafqaz Universitetinin fəxri doktoru adı verilib. “Heydər Əliyev həmin səfər zamanı Qarsda Azərbaycanın baş konsulluğunun açılacağını vəd etmişdi. Böyük Liderin vəfatından iki il sonra diplomatik nümayəndəlik fəaliyyətə başladı və artıq 22 ildir ki, hər iki ölkənin maraqlarına xidmət edir”, – deyə baş konsul qeyd edib.
Zamin Əliyev bildirib ki, Heydər Əliyevin qoyduğu möhkəm təməl bundan sonra da iki ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcək. Diplomat sonda vurğulayıb ki, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qardaşlıq və dostluq münasibətləri Azərbaycan-Türkiyə əməkdaşlığının gələcək inkişafının ən mühüm təminatıdır.