MƏDƏNİYYƏT
Şəhid leytenant Murad Nağıyevə həsr olunmuş kitabın təqdimatı keçirilib
Bakı, 16 iyun, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Bakı Kitab Mərkəzində qəhrəman şəhid leytenant, şair Murad Nağıyevə həsr olunmuş “Murad” adlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, "Təhsil" nəşriyyatında nəşr olunan kitabın tərtibçisi Banu Hümbətli, Sərxan Nağıyev, redaktoru isə İbrahim İlyaslıdır. Kitabda 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərən leytenant Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs olunur. Kitaba Murad Nağıyevin şeirləri, xüsusilə də cəbhədə olarkən qələmə aldığı sətirləri daxil edilib.
Tədbirdə İbrahim İlyaslı, şəhid M.Nağıyevin təhsil aldığı 271 saylı orta məktəbinin direktor müavini Rüxsarə Əlizadə, döyüş yoldaşı, baş leytenant Namiq Səfərov, aktyor, dramaturq Kamran Ağabalayev, Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, şəhidin ailə üzvləri çıxış edərək, Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs edən kitab haqqında danışıblar.
Sonra Respublika Uşaq Kitabxanasının əməkdaşları şəhidin qələmə aldığı şeirlərini səsləndiriblər.
Sonda musiqiyə yer verilib. Ağdam muğam məktəbinin şagirdlərinin ifasında “Qarabağ şikəstəsi”, “Xudayar təsnifi” səslənib.
Qeyd edək ki, şəhid leytenant Murad Nağıyev "Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.