REGİONLAR


Səyyar “ASAN qatar” Lənkəranda

Lənkəran, 30 iyun, Bağır Əliyev, AZƏRTAC

Səyyar “ASAN qatar” Lənkəran şəhər dəmir yolu stansiyasında vətəndaşlara xidmət göstərməyə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyar “ASAN qatar” xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı və əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, eyni zamanda funksional yardımçı xidmətlər üzrə tibbi xidmət, foto xidməti və bank xidmətləri (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu) də göstərilir.

Səyyar “ASAN qatar” iyulun 26-dək Lənkəranla yanaşı, ətraf rayonların sakinlərinə də xidmət göstərəcək. Qatarın növbəti dayanacağı Astara rayonu olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.