REGİONLAR
Tovuzda bir vaxtlar yeddi rəngdə sement istehsal edən zavod – REPORTAJ VİDEO
Tovuz, 21 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuz rayonu ərazisində 70 il fəaliyyət göstərən sement istehsalı zavodu ötən əsrin 80-ci illərinin sonu işini dayandırıb. Zavodun qülləsi hazırda tarixi abidə kimi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, yüz ildən çox yaşı olan Tovuz sement zavodu rayonun iqtisadi və mədəni inkişafında böyük rol oynayıb. Bir çox ölkələrdən insanlar bura işləmək üçün gəlib, yerli əhali ilə birlikdə çalışıblar.
Rayon ziyalısı, araşdırmaçı Bəhruzər Rüstəmovun sözlərinə görə, o zaman zavodun məhsulları dünyanın 40-dan çox ölkəsinə göndərildi. “Moskva metropoliteninin, Lenin mavzoleyinin tikintisində, Qırmızı meydanda bərpa işlərinin görülməsində, Sankt-Peterburqda yuvelir işlərinin həyata keçirilməsində, Misirdə “Asuan su bəndi”nin tikintisində, eləcə də dünyanın digər tikililərində bu sementdən istifadə olunub”, - deyə araşdırmaçı bildirib.
Tovuz sakini Fikrət Məmmədov sement zavodunun fəaliyyət göstərdiyi illəri gözəl xatırlatdığını deyib: “Bu zavod nəinki Azərbaycanda, həmçinin keçmiş SSRİ məkanında dördüncü ən böyük sement zavodu olub. Burada istehsal olunan yeddi rəngdə sement, əsasən dekorativ işlərdə daha çox istifadə olunub”.
Zavodda yerli əhali ilə yanaşı, alman, rus, Ukrayna və digər millətlərin nümayəndələri çalışıblar. Zavodun şəhər yaxınlığında tikilməsində xammalın və dəmiryol xəttinin yaxınlıqda yerləşməsi nəzərə alınıb.
Sement zavodu fəaliyyətini dayandırdıqdan sonra tarixi abidə kimi dövlət qeydiyyatına alınıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində siyasi hərc-mərclik və müharibə dövründə zavodun həyətində olan qış və yay mədəniyyət evi, istirahət parkı və digər inzibati binalar sökülüb. Hazırda zavodun yalnız toz və tüstüsünün çıxdığı 35-40 metr hündürlüyündə olan qülləsi qalıb.
Tovuzun hazırda demək olar ki, əksər hissəsindən görünən, öz əzəmətini indiyədək saxlayan zavod qülləsinin 108 yaşı var. Rayon sakinlərinin yaddaşında qalan abidənin mühafizə və bərpasına ehtiyac duyulur.