DÜNYA


Türkiyədə Cümhuriyyət Günü ilə bağlı bayram tədbirlərinə start verilib

İstanbul, 28 oktyabr, AZƏRTAC

Türkiyə Respublikasında Cümhuriyyət Günü təntənə ilə qeyd olunur. Artıq bayram tədbirlərinə start verilib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 29-da Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə ölkədə bayram tətilidir. Küçə və meydanlar, şəhər, qəsəbə və kənd mərkəzləri, ictimai yerlər bayramsayağı bəzədilib. Ölkənin hər yerində bayram mərasimləri təşkil olunub. Bayram münasibəti ilə ölkə ərazisində bir-birindən fərqli və maraqlı tədbirlər təşkil olunub.

Antalyada milli bayram şərəfinə 600 metrlik dövlət bayrağı meydana çıxarılıb. Yerli əhali ilə bərabər xarici turistlər də böyük coşqu ilə qeyd olunan bayram tədbirlərinə qoşulublar. Rəsmi məlumata görə, bu mərasimə 100 min nəfər qatılıb.

Bayram münasibəti ilə ən böyük dövlət tədbiri isə İstanbulda inşa olunan yeni hava limanı - “İstanbul New Airport”un açılış mərasimi olacaq. Yerli vaxtla saat 16:00-da açılışı planlaşdırılan mərasimdə çox sayda xarici dövlət və hökumət başçısı, parlament sədrləri iştirak edəcək. Azərbaycan da bu mərasimdə geniş tərkibli rəsmi heyətlə iştirak edəcək.

Qeyd edək ki, 29 oktyabr - Cümhuriyyət Günü Türkiyədə Respublika quruluşunun elan olunduğu gündür. Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün liderliyi ilə Türkiyə xalqı 1919-cu ilə mayın 19-da milli-qurtuluş savaşına başlayıb. Bu tarixi şərəf mücadiləsinin nəticəsi olaraq 1923-cü il oktyabrın 29-da indiki Türkiyə Respublikası elan olunub.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.