ELM VƏ TƏHSİL
Türkiyədə elmi tədqiqat ənənələri Osmanlı dövrünün milli dəyərlərinə söykənir - Dünyanın elm təcrübəsindən
Ankara, 2 mart, AZƏRTAC
Elm və tərəqqinin inkişafına xüsusi önəm vermiş Osmanlı dövləti vaxtilə bu sahədə mühüm ənənələr formalaşdırıb. Müasir Türkiyədə elmi tədqiqat ənənələri Osmanlı dövründə mövcud olan milli dəyərlərə söykənir. Milli maraqların qorunması üçün elmin gücünü dövlətin qüdrətlənməsinə sərf etmək qardaş ölkədə dəyərlər silsiləsinə daxildir.
AZƏRTAC-ın xüsusi müxbiri Türkiyənin elm tarixi üzrə bəzi araşdırmalar aparıb. Onun qeydlərini təqdim edirik.
Türkiyədə elmi tədqiqatların əsası Fateh Sultan Mehmet dövründə qoyulub
Elmi araşdırmalara böyük əhəmiyyət verən Osmanlı dövlətinin son yarıməsrlik dövründə və bu sahəni əhatə edən bəzi qurumlar yaradılmışdı. Fateh Sultan Mehmet dövründə təsis edilmiş “Səmaniyə mədrəsəsi” buna bir nümunədir. “Əncümən-i Daniş” qurumu isə ilk Türk Elmlər Akademiyası olaraq qəbul edilir. Fransa Elmlər Akademiyasının modelində qurularaq 1851-1862-ci illərdə fəaliyyət göstərmiş bu qurumun sonrakı illərdə darülfünun (universitet) üçün dərsliklər hazırlaması üçün qərar verilsə də, təəssüf ki, təxminən on il sonra qapadılıb. 1861-ci ildə təsis edilmiş “Cəmiyyət-i Elmiye-i Osmaniye” Tənzimat dövründə (dövlətin fəaliyyətində qanunçuluq və islahatlar dövrü - 1839-1876) mövcud olan akademik araşdırma funksiyalı digər bir elmi müəssisədir. Əsasən təbiət elmləri ilə məşğul olan 38 üzvü ilə fəaliyyət göstərən və “Məcmue-i Fünun” jurnalını nəşr etdirən bu qurum cəmi altı il mövcud olub.
Osmanlı dövründə ikinci Məşrutiyətin (Osmanlı Konstitusiyası) elan olunmasından sonra, 1909-cu ildə qurulan “Tarix-i Osmani Əncümən” Osmanlı dövlətinin, eləcə də 1932-ci ildə yaradılan Türk Dil Təşkilatı ilə Türk Tarix Təşkilatı isə cümhuriyyət dövründə mövcud olan eyni funksiyalı akademik araşdırma mərkəzləri olublar.
Müasir dövrdə elmi araşdırmaların əsas istiqamətləri
Rəsmi mənbələrdə göstərilir ki, Türkiyədə bütün sahələri əhatə etməklə elmlər akademiyasının yaradılması ideyası 1960-cı illərdə ortaya çıxıb. Hazırda professor Müzəffər Şəkərin rəhbərliyi ilə fəaliyyət göstərən Türkiyə Elmlər Akademiyası muxtariyyət statusuna malik qurumdur. TÜBA adı ilə fəaliyyət göstərən bu akademiyası 1993-cü ildə təsis edilib.
İkitərəfli və çoxtərəfli əməkdaşlıq istiqamətləri ilə beynəlxalq münasibətlərini tənzimləyən TÜBA bir çox nüfuzlu beynəlxalq elmi təşkilatların üzvüdür. O, qarşılıqlı əlaqələri əsasən konkret məsələlər və maraqlar üzərində anlaşmalar əsasında qurur.
Türkiyə Elmlər Akademiyasında tədqiqatlar elm və təhsil siyasəti, elmi texnologiyalar və kommunikasiya, ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi, enerji, ərzaq və qidalanma, tibb elmləri və texnologiyalar, davamlı inkişaf və maliyyə sahələri üzrə aparılır. TÜBA-nın fəaliyyətinin səmərəliliyinin təməlində insan amili dayanır. Elmi ictimaiyyət üçün hər zaman özünü açıq elan edən təşkilatın əsas gücü könüllülərdir.
Akademiyanın “TÜBA-GÜNCE”, “Wos-ESCI” (TÜBA yükseköyretim dergisi), “TÜBA-AR”, “TÜBA-KED” və “TÜBA-Newsletter” dərgilərində əksini tapan materiallar dünya elmi ictimaiyyətinin tələblərinə cavab verir. Araşdırmalar göstərir ki, Türkiyə Elmlər Akademiyasının fəaliyyətində elmi əsərlərin nəşri və çap işlərinin tanıdılması mühüm bir istiqamətdir.
Qeyd edək ki, hazırda Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumu (TÜBİTAK) kimi fəaliyyət göstərən təşkilat da əsaslı elmi araşdırmalarla məşğuldur. Əsası 1963-cü ildə qoyulmuş TÜBİTAK akademik və sənaye tədqiqat işlərini və yenilikləri dəstəkləmək, milli prioritetlər istiqamətində çalışan institutları idarə etmək funksiyası ilə yanaşı, ölkənin elm və texnologiya siyasətini də müəyyən dərəcədə istiqamətləndirir.
Türkiyədə elm adamlarının ölkə daxilində və xaricdəki akademik fəaliyyətləri təqaüd və mükafatlar ilə dəstəklənir. Həvəsləndirici mükafat formaları müxtəlifdir. Qurumun dəstəyi ilə universitetlilərin, dövlət qurumlarının və sənayenin layihələri maliyyələşdirilir.
Türkiyə ali məktəbləri də elmi araşdırma mərkəzləri sırasına daxildir
Ali təhsil müəssisələri Türkiyədə ən faydalı elmi araşdırmalar mərkəzləri sırasına daxildir. Geniş əraziyə malik olar universitetlər elmin bütün sahələri üzrə tədqiqat işlərində yeniliklərə imza atıblar. Tibb fakültəsinin mövcud olduğu universitetlər böyük xəstəxanalara, laboratoriya və tədqiqat mərkəzlərinə malikdir. Təbiət, kənd təsərrüfatı, elektronika və s. ixtisasları tədris edən ali məktəblərdə də geniş elmi-texniki baza mövcuddur. Məsələn, Əskişəhərdəki Anadolu Universitetinin təxminən 40 təyyarəsi olan böyük hava limanı var, Boğaziçi Universiteti isə nəhəng texniki parka sahibdir. Eləcə də Türkiyədə tibb təhsili alanların əksəriyyəti oxuduqları universitetlərin xəstəxanalarında ixtisasları üzrə çalışırlar.
Prezident fərmanına əsasən, Türkiyə Elmlər Akademiyasının vəzifələri arasında elmi sahələrdə, eləcə də elmi prioritetlərin müəyyən edilməsi məqsədilə tədqiqatların aparılması, gənc elm adamlarının təşviq edilməsi kimi istiqamətlər də var. Türk elm adamları və tədqiqatçılarının ictimai statusları, həyat səviyyələri, gəlirləri və elmi fəaliyyətləri üçün xüsusi imtiyazlara dair qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də elm adamlarının həvəsləndirilməsi üçün mükafatların verilməsi, ölkənin elm strategiyasına dair hesabatların hazırlanması təklifləri ilə dövlət başçısı qarşısında çıxış etmək TÜBA-nın vəzifələrinə daxildir.
Türkiyədə elm və təhsil sistemi arasındakı fundamental inteqrasiyanın təmin olunmasında Türkiyə Elmlər Akademiyası müəyyən səlahiyyətlərə və böyük təsirə malikdir. Ali məktəb dərsliklərinin və proqramlarının müəyyən edilməsində TÜBA-nın tətbiq etdiyi illik kurslar hər iki tərəfə fayda verir. Bu prosesdə ən çox qazanan isə Türkiyə dövləti, intellektual ictimaiyyətdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara