İDMAN


UEFA Çempionlar Liqası: “Qarabağ” səfərdə APOEL-ə qalib gəlib VİDEO

Bakı, 6 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 6-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən APOEL-“Qarabağ” oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk dəqiqələrdən topa nəzarət edərək rəqibin hücumlarının qarşısını alan “Qarabağ” birinci hissədə bir neçə təhlükəli vəziyyət yaradıb. Əks hücumlarla rəqibinə çətinlik yaradan Qurban Qurbanovun yetirmələri artıq 14-cü dəqiqədə qapı qarşısında təhlükəli vəziyyət yaradıb. Belə ki, APOEL-in müdafiəçilərinin səhvindən sonra Abdulla Zubir qapıçı ilə təkbətək qalsa da, rəqibin qapıçısı zərbənin qarşısını ala bilib. Oyunun 25-ci dəqiqəsində Abdulla Zubir yenidən diqqət mərkəzində olub. Üç müdafiəçini keçərək Mahir Emreliyə dəqiq ötürmə verib. Lakin müdafiəçilər topu uzaqlaşdırıb. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Qarşılaşmanın ikinci hissəsinin 53-cü dəqiqəsində “Qarabağ” hesabda önə keçib. Yenidən qurulmuş əks hücum öz bəhrəsini verib. Xayme Romeronun verdiyi ötürmə Mahir Emrelini rəqibin qapıçısı ilə təkbətəkə çıxarıb. Azərbaycan milli komandasının futbolçusu uzaq küncü dəqiq nişan alaraq qola imza atıb - 0:1. Buraxılan qoldan sonra müdafiədə boşluqdan istifadə edən “Qarabağ” rəqibi ikinci dəfə meydanın mərkəzinə dəvət edib. Altmış səkkizinci dəqiqədə öz oyunu ilə seçilən Abdulla Zubir sol cinahda rəqibin iki müdafiəçisini keçərək meydana təzə daxil olmuş Maqaye Qeye dəqiq ötürmə verib. Futbolçu ötürməni dəqiq zərbə ilə tamamlayıb - 0:2.

Oyunun sonlarına yaxın Qurban Qurbanov iki əvəzləmə ilə klubu müdafiəyə çəkib. Belə ki, Xayme Romeronu yerinə müdafiəyə daha dərin çəkilməyi bacaran Araz Abdullayevi, Riçard Almeydanın yerinə isə dayaq yarımmüdafiəçi Qara Qarayevi meydana çıxarıb.

Tam müdafiəyəyə çəkilən “Qarabağ” hesabı qorumağa çalışarkən rəqib qollardan birinin əvəzin çıxıb. Hakim David Massanın oyuna əlavə etdiyi vaxtın beşinci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Georqos Merkis dəqiq baş zərbəsi ilə adını tabloya yazdırıb - 1:2. Son dəqiqələrdə buraxılan qola baxmayaraq “Qarabağ” səfərdə çətin rəqibi üstələməyə nail olub.

Qeyd edək ki, cavab matçı bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb. Tiranada baş tutan ilk oyunda hesab açılmasa da, Bakıdakı oyunda Filip Ozobiç və Dani Kintananın qolları “Qarabağ”ı növbəti mərhələyə çıxarıb.

Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Dundalk” komandasından güclü olub. “Oriel Park” stadionunda keçirilən ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Oyunda hesabı Mahir Emreli açsa da, Patrik Hoban bərabərlik topunu vurub. “Dalğa Arena”da keçirilən cavab matçı isə Azərbaycan çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” Xayme Romeronun dublu və Ailton Silvanın vurduğu qolla rəqibini darmadağın edib.

Mübarizəyə II təsnifat mərhələsindən başlayan Kipr çempionu isə Monteneqronun “Sutyeska” komandasını mübarizədən kənarlaşdırıb (1:0, 3:0).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.