MƏDƏNİYYƏT
Uşaqlar üçün növbəti “Oxu saatı” təşkil olunub
Bakı, 16 aprel, AZƏRTAC
F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatı dəstəyi ilə Bakı Kitab Mərkəzində uşaqlar üçün növbəti “Oxu saatı” keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri iştirak ediblər. Tədbirdə iştirak edən Əməkdar artist Elnur Kərimov mərkəzə gələn şagirdlər üçün dünya xalqlarının müxtəlif nağıllarını səsləndirib. Nağılları sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilinə “Səssiz Ünsiyyət” Jest Dilinin İnkişafına Dəstək Təşkilatının jest dili təlimçisi Könül Quliyeva tərcümə edib. Oxunan nağıllar uşaqların böyük marağına səbəb olub.
Sonda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Hacıbabayev uşaqlarla birlikdə Abdulla Şaiqin şeirlərini təqdim edib.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, o cümlədən, həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etməkdir.