® Dünyanın ən məşhur virtual yarışı yenidən Azərbaycanda
Bakı, 29 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərbaycan Kiberidman Federasiyasının dəstəyi, ölkəmizdə kiberidmanın inkişafına töhfə verən “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı və - respublikamızda yeganə qanuni mərc oyunu “Topaz”ın tərəfdaşlığı ilə “Counter-Strike: Global Offensive” (CS:GO) oyunu üzrə turnir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, dünyanın ən populyar virtual döyüş növü sayılan yarışda 24 komanda mübarizə aparacaq. Turnir fevralın 1-də start götürəcək və 15 gün davam edəcək.
Yarışın mükafat fondu 1750 manat təşkil edəcək. Turnirin qalibi 1000, ikinci və üçüncü yerlərin sahibləri isə müvafiq olaraq 500 və 250 manat məbləğində mükafatla təltif olunacaqlar.
Yarışı “YouTube” kanalında “Glahub” və “Instagram” şəbəkəsində “Glohub” səhifələrində izləmək mümkündür.
Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.
Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 10-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.