® “Kapital Bank” BAFT-ın Qlobal İllik Toplantısında iştirak edib
“Kapital Bank” aprelin 28-dən mayın 1-dək keçirilən Amerika Banklar Assosiasiyasının törəmə qurumu Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyasının (BAFT) Qlobal İllik Toplantısında iştirak edib. Tədbirə “Kapital Bank”ın idarə heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.
BAFT-ın Qlobal İllik Toplantısının əsas məqsədi transformasiyalar dövründə yeni imkanların müəyyənləşdirilməsi və çətinliklərin öhdəliyindən gəlmə üsulları, maliyyə institutlarını yaxın 10 ildə nə gözləyəcəyini və müasir rəqəmsal dövründə banklar və onların müştərilərinə nəyin vacib olduğunu müzakirə etməkdir. Tədbir zamanı maliyyə sahəsində müasir texnoloji trendlər və tənzimləyici aspektlər, real vaxt rejimində ödənişlər, blokçeyn, ödəniş sistemlərinin inkişafı mövzuları gündəmdə olub.
“Müasir dövrdə maliyyə qurumlarının qarşısında dayanan texnoloji yeniliklərin inkişafı, qiymətləndirilməsi və bu yeniliklərin tətbiqi gündəmdə olan ən vacib mövzudur. Bir neçə gün davam edən tədbirdə xarici bankların nümayəndələri, digər beynəlxalq ekspertlərlə ümumi müzakirələr və kiçik qruplarla görüşlərimiz oldu. Rəqəmsal bankçılığa keçid dönəmində bu cür görüşlərdə iştirak, gələcək fəaliyyətimizə öz töhfəsini verəcək”, - deyə V.Sadiq bildirib.
Qeyd edək ki, tədbir zamanı V.Sadiq BAFT-ın inkişafına əvəzsiz töhfələr verdiyinə və Azərbaycanda və regionda bank sahəsində peşəkar biliklərin təbliği istiqamətində mühüm işlər gördüyünə görə xüsusi mükafatla təltif olunub.
“Kapital Bank” 2017-ci ildən Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.