Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH
Bakı, 9 iyun, AZƏRTAC
Uşaqların internet və sosial şəbəkələrdə təhlükəsizliyinin təmin edilməsi təkcə ailələrin və təhsil müəssisələrinin deyil, dövlətlərin də prioritet məsələlərindən birinə çevrilib. Rəqəmsal platformaların gündəlik həyatın ayrılmaz hissəsi olması ilə yanaşı, onların yaratdığı risklər də getdikcə artır. Bu gün sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib. Bu səbəbdən dünyanın bir çox ölkələrində sosial şəbəkələrin fəaliyyətinə nəzarətin gücləndirilməsi və uşaqların zərərli məzmundan qorunması istiqamətində ciddi addımlar atılır. Hər bir ölkə öz hüquqi, siyasi və sosial modelinə uyğun tənzimləmə mexanizmini formalaşdırmağa çalışır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, bu kontekstdə Azərbaycanda İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarına edilən dəyişikliklər də əsasən uşaqların internet mühitində qorunmasına yönəlib. Qanunun ən çox diqqətçəkən müddəası 16 yaşına çatmamış şəxslərin müəyyən ediləcək sosial şəbəkə platformalarında hesab yaratmasının qadağan olunmasıdır. Bununla yanaşı, sosial şəbəkə şirkətlərinin Azərbaycanda fəaliyyəti, istifadəçilərin yaşının yoxlanılması və uşaqların təhlükəsizliyinin təmin edilməsi sahəsində yeni öhdəliklər müəyyən edilir. Əsas məqsəd uşaqların nəzarətsiz rəqəmsal mühitin təsirlərindən qorunması, onların psixoloji sağlamlığının və təhlükəsizliyinin təmin edilməsidir. Sosial şəbəkələrdə və müxtəlif rəqəmsal platformalarda zorakılığın, aqressiyanın qəhrəmanlaşdırılması və nifrət nitqinin yayılması bəzi hallarda real həyatda da təhlükəli nəticələr doğura bilir. Çünki sosial şəbəkələr vasitəsilə uşaqların və yeniyetmələrin davranışlarına, düşüncə tərzinə, psixoloji vəziyyətinə təsir imkanları son dərəcə genişdir. Prezident İlham Əliyevin cari ilin fevralında imzaladığı müvafiq Sərəncam da uşaqların rəqəmsal mühitdə qorunması istiqamətində dövlət siyasətinin yeni mərhələsini müəyyənləşdirib. Sərəncamda uşaqların zərərli məzmundan və mənfi təsirlərdən qorunması, sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətlərinin tətbiqi, rəqəmsal təhlükəsizliyin gücləndirilməsi və bu sahədə normativ-hüquqi mexanizmlərin təkmilləşdirilməsi kimi mühüm məsələlər öz əksini tapıb. Bunun davamı olaraq qəbul edilmiş yeni qanunvericilik dəyişiklikləri bu istiqamətdə mühüm hüquqi baza formalaşdırır.
Deputat qeyd edib ki, qanun 16-18 yaş arasında olan yeniyetmələrə sosial şəbəkədən istifadəyə icazə verir. Lakin bu zaman valideyn və ya qanuni nümayəndənin nəzarəti əsas şərtlərdən biri olacaq. Valideynlər hansı məzmunların göstəriləcəyini müəyyən edə, eyni zamanda, reklam məhdudiyyətləri tətbiq edə və uşağın platformadan istifadə saatlarını idarə edə biləcəklər. Sosial şəbəkə şirkətləri isə bunun üçün xüsusi texniki funksiyalar yaratmalıdırlar. Qanun platforma provayderləri qarşısında da bir sıra yeni vəzifələr qoyur, həmçinin sosial şəbəkə şirkətlərinə qarşı mərhələli sanksiya mexanizmi də müəyyən edir. Bütövlükdə deyə bilərik ki, yeni qanun Azərbaycanda sosial şəbəkələrin fəaliyyəti və uşaqların rəqəmsal mühitdə qorunması sahəsində indiyədək qəbul edilmiş ən genişmiqyaslı hüquqi tənzimləmələrdən biridir. Həyata keçirilən tədbirlər gələcək nəsillərin daha təhlükəsiz və sağlam rəqəmsal mühitdə böyüməsinə xidmət edən strateji addımdır.