İDMAN
Abdulkadir Abdullayev: Doğma divarlar arasında çıxış etmək hər bir idmançı üçün ikiqat məsuliyyətdir
Bakı, 21 iyun, A.Yadigarov, S.Allahverdiyeva, AZƏRTAC
"Baki-2015" ilk Avropa Oyunlarının boks yarışmasının 6-cı günündə Azərbaycan təmsilçilərindən daha bir qələbə Abdulkadir Abdullayev tərəfindən qazanılıb.
AZƏRTAC xəbər verir ki, idmançımız səkkizdəbir final mərhələsində Macarıstan idmançısı Adam Hamori üzərində qələbə qazandıqdan sonra jurnalistlərlə öz təəssüratlarını bölüşüb: "İlk döyüşdən qalib çıxdığıma görə çox sevinirəm. İnşallah, bundan sonrakı döyüşlərdə də məni dəstəkləyən hər kəsə bu hissləri yaşadacağam".
Onun sözlərinə görə, belə yarışlarda ilk döyüş adətən çox ağır keçir. Ancaq azarkeşlərin dəstəyi qələbə qazanmaqda ona güc verib. O vurğulayıb ki, doğma divarlar arasında çıxış etmək hər bir idmançı üçün ikiqat məsuliyyətdir.
A.Abdullayev rəqiblərinin güclü olmasına baxmayaraq, çempion adı qazanacağına inandığını bildirib və məşqçilərinə, ona kömək edən hər kəsə təşəkkürünü çatdırıb.