ABŞ BEYNƏLXALQ İNKİŞAF AGENTLİYİ AZƏRBAYCANA QRANT AYIRMIŞDIR
“Mercy Corps” təşkilatından müxbirimizə bildirmişlər ki, qrantlar Azərbaycanın 17 bölgəsində reproduktiv sağlamlığı inkişaf etdirmək və ailə planlaşdırılmasını həyata keçirmək məqsədi ilə ayrılmışdır. 1 milyon 200 min dollar məbləğində olan birinci qrant bir neçə beynəlxalq təşkilatla
birgə həyata keçiriləcək “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması təşəbbüsü” proqramına ayrılmışdır. Bu proqram çərçivəsində kontraseptiv vasitələrin təmin olunması, müxtəlif treninqlərin keçirilməsi, bölgələrdəki xəstəxanaların dərman preparatları ilə təchiz olunması, kütləvi informasiya vasitələrində ailə planlaşdırılmasına dair proqramların işıqlandırılması nəzərdə tutulur. 427 min 990 dollar həcmində olan ikinci qrant “Mercy Corps” beynəlxalq təşkilatı tərəfindən “Azərbaycanda reproduktiv sağlamlıq təşəbbüsü” proqramına ayrılmaqla, ABŞ-ın Con Hopkins Universitetinin əməkdaşları ilə birgə 27 mütəxəssisdən ibarət qrup yaradılması nəzərdə tutulur ki, bu mütəxəssislər ölkəmizdə əhalinin sağlamlığının yaxşılaşdırılması üzrə müxtəlif müasir təbabət proqramları üzrə kurslar təşkil edəcəklər.
“Mercy Corps” proqramının meneceri xanım Syu Leonard qeyd etmişdir ki, yuxarıda adları çəkilən proqramların maliyyələşdirilməsindən əsas məqsəd Azərbaycanda əhalinin sağlamlığını möhkəmləndirmək və sağlam nəslin böyüməsini təmin etməkdir.