DÜNYA
ABŞ-da “Boeing 777X” təyyarəsinin yeni sınaqları keçirilib
Bakı, 1 may, AZƏRTAC
Geniş füzelyajlı “Boeing 777X” sərnişin təyyarəsi ABŞ-ın Vaşinqton ştatı üzərində yeni sınaq uçuşunu uğurla tamamlayıb.
AZƏRTAC bu barədə “Boeing” korporasiyasının saytına istinadla xəbər verir.
Bu növ laynerin ilk uçuşu yanvarın 25-də baş tutmuşdu. Kompaniyanın keçirdiyi sınaqlarda ümumilikdə dörd ədəd “Boeing 777X” təyyarəsi iştirak edir.
Aprelin 30-da bu sinifdən olan ikinci təyyarənin ilk uçuşu həyata keçirilib. Uçuşun davam etdiyi üç saat ərzində xüsusi avadanlıqlar təyyarə sisteminin göstəricilərini qeydə alıb. Sınaq zamanı göyərtədə iki pilot olub.
Sınaqlara cəlb edilmiş ilk laynerin indiyə qədər 100 saat uçuşda olduğu bildirilir. Kompaniyanın məlumatına görə, “Boeing 777X” təyyarəsi ən iri və yanacaq sərfiyyatı baxımından ən effektiv ikimühərrikli geniş füzelyajlı laynerdir. Təyyarənin 426 sərnişin daşımaq üçün nəzərdə tutulan ən iri modelinin uzunluğu 77 metrə yaxındır.
Yeni tip laynerin sınaqları korporasiyanın ciddi böhran yaşadığı dövrə təsadüf edir. 2019-cu ilin dekabrında “Boeing 737 MAX” laynerlərinin istehsalının dayandırıldığı elan olunub. Belə ki, ard-arda iki aviasiya qəzasından sonra bu modeldən olan təyyarələrin istifadəsi qadağan edilmişdi.
Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi ötən il martın 10-da Efiopiyada qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. 2018-ci il oktyabrın 29-da isə İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.
“Boeing” kompaniyası hər iki təyyarənin MCAS (Maneuvering Characteristics Augmentation System - Manevr xarakteristikasını yaxşılaşdırma sistemi) sisteminin işində nasazlıq olduğunu etiraf etmişdi.