DÜNYA
ABŞ-da onlayn alıcılar Şükranlıq Günündə yeni rekord müəyyən ediblər
Vaşinqton, 28 noyabr, AZƏRTAC
Amerikalılar Şükranlıq Günündə yeni rekord müəyyən ediblər: onlar ötən həftənin cümə axşamı günü onlayn alış-verişə 5,29 milyard dollar xərcləyiblər.
AZƏRTAC Adobe analitik şirkətinin məlumatına istinadla xəbər verir ki, həmin gün amerikalıların xərclədiyi ümumi məbləğ ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,9 faiz çox olub. Şirkət bildirir ki, adətən alıcılar gün ərzində internetdə alış-verişə 2-3 milyard dollar xərcləyirlər.
Smartfonların köməyi ilə aparılmış alış-veriş onlayn satışların 55 faizini təşkil edib. Bu, 2012-ci ildən bəri Şükranlıq Günündə rekord nəticədir. Adobe şirkətinin aparıcı analitiki Vivek Pandia bildirib ki, bu artım tələbatla bağlıdır və istehsalçılar inflyasiyanın rekord səviyyədə olmasına məhəl qoymayıblar. Onun sözlərinə görə, həmin gün həm mağazalarda, həm də internetdə qiymətlər artmayıb, çünki elektron kommersiya əsasən elektronika, geyim əşyaları və uzunmüddətli istifadə üçün nəzərdə tutulan başqa mallara şamil edilir. Bu kateqoriyaya aid malların dəyəri ya sabit qalıb, ya da qida məhsulları ilə müqayisədə ucuzlaşdırlıb.
“Qara cümə günü” satış göstəriciləri barədə hələlik məlumat yoxdur, lakin proqnozlara görə bu göstəricilərin 9 milyard dollar olacağı, “kibernetik bazar ertəsi” günü isə 11,2 milyard dollar mənfəət əldə ediləcəyi gözlənilir.
“Qara cümə günü” Şükranlıq Günündən sonrakı ilk cümə günüdür. Ənənəvi Milad pərakəndə satış mövsümü həmin gündən başlanır. Bu gündə pərakəndə satış adəti hələ XIX əsrdə başlanıb, “qara cümə günü” termini isə 1966-cı ildə yaranıb və ilk vaxtlar əsasən ABŞ-ın Şərq sahillərində işlənirdi. Adətən “qara cümə günü” adi mağazalarda pərakəndə satışın pik həddinə çatması ilə assosiasiya doğurur, “kibernetik bazar ertəsi” günü isə ucuzlaşdırılmış mallar təklif edən onlayn mağazalarda internet seqmentində pərakəndə satışla bağlı gərginlik yaranır.
Hazırda ən çox satılan oyuncaqlar “Squishmallows”, “Roblox”, “Paw Patrol”, “Hot Wheels”, “Cocomelon” və “L.O.L.” sürpriz kuklalarıdır. Ən çox satılan oyun konsolları sırasına “Nintendo Switch”, “Xbox Series X” və “PlayStation 5” daxildir.
AZƏRTAC -ın Vaşinqton bürosu