ABŞ-IN İSLAM DÜNYASI İLƏ MÜNASİBƏTLƏRİ TARİXİNDƏN
Bir qədər erkən tarixə nəzər salaq. Pireney yarımadasındakı müsəlman dövləti XV əsrin axırlarında süquta uğradıqdan sonra Afrikanın şimal sahilləri İspaniya və Portuqaliya tərəfindən hücumlara məruz qalırdı. Yerli sakinlər məcbur olub Türkiyə sultanı I Səlimdən kömək istəmişdilər. O, din qardaşlarının köməyinə gələrək, Əlcəzairi Osmanlı imperiyasının tərkibinə qatdı, seçmə yeniçəri alaylarını onun əhalisinin müdafiəsinə göndərdi.
Sultan öz təbəələrinə də Xeyrəddin Barbarossun ordusuna qoşulmaq üçün Əlcəzairə getməyə icazə verdi. Mahir sərkərdə və cəsur döyüşçü olan X.Barbaross İstanbulun dəstəyi ilə güclü dövlətin təməlini qoymağı və sahil xəttinin çağırılmamış qonaqların hücümündan səmərəli müdafiəsini təşkil etməyi bacardı. Onun dövründə Əlcəzair qalası Aralıq dənizinin qərb akvatoriyasında Osmanlı imperiyasının qüdrətli hərbi dəniz bazasına çevrildi.
Amerika Birləşmiş Ştatları XVIII əsrin axırlarında Britaniya asılılığından azad olduqdan sonra Aralıq dənizində Amerika bayrağı ilə üzən gəmilər də görünməyə başladı. Amerikalılarla müsəlmanların ilk təması 1785-ci ilin iyulunda baş verdi. ABŞ gəmisi Osmanlı imperiyasının ərazi sularına icazəsiz daxil olduğu üçün Suriyanın Kadeş şəhəri yaxınlığında Əlcəzair eskadrası tərəfindən saxlanıldı. Bundan sonra daha 11 gəmi eyni səbəblərə görə həbs edildi və Əlcəzair limanına aparıldı.
O vaxtlar Birləşmiş Ştatlar tutulmuş gəmiləri zorla geri qaytarmaq üçün güclü donanmaya malik deyildi. Ona görə də 1795-ci il sentyabrın 5-də Osmanlı imperiyası ilə türk dilində 22 bənddən ibarət müqavilə bağlamalı oldu. Bu, ABŞ hökumətinin ingilis dilində tərtib edilməyən sənədə imza atdığı yeganə hal idi. Bundan başqa, bu, ABŞ tarixində yeganə sənəd idi ki, ona uyğun olaraq, Birləşmiş Ştatlar öz gəmilərinin sərbəst hərəkət etməsi hüququna görə hər il əcnəbi dövlətə müəyyən məbləğ ödəmək öhdəliyi götürmüşdü.
Həmin müqavilənin müddəalarına baxmayaraq, türklərin Liviyanın
Trablis əyalətindəki hərbi gəmiləri siyasi vəziyyətin gərginləşməsi nəticəsində amerikalıların Aralıq dənizinə daxil olan gəmilərini təkrar saxladı. Buna cavab olaraq, ABŞ 1803-cü ildə Trablisə hərbi eskadra göndərdi. Eskadra şəhərin limanına daxil olaraq, türk donanmasını top atəşinə tutdu. O dövrün ən böyük hərbi gəmisi olan “Filadelfiya” gəmisi artilleriya atışması zamanı saya oturaraq, türklərin asanlıqla qənimətinə çevrildi, 300 nəfərdən artıq komanda əsir düşdü. Liviya canişini Yusif paşa ABŞ-dan dənizçilərin azad olunması üçün 3 milyon dollar, sonra hər il qızılla 20 min dollar tələb etdi. Eyni zamanda, Tunis canişini Məhəmməd Həmmud paşa hər il qızılla 10 min dollar ödənilməsi barədə tələb irəli sürdü.
Amerika konsulu 1812-ci ildə Əlcəzair xəzinəsinə qızılla 62 min dollar verməyincə, Birləşmiş Ştatlar həmin məbləği ödəmək məcburiyyətində qaldı.