ABŞ-IN ÖLKƏMİZDƏKİ SƏFİRİ ANN DERS “AZƏRBAYCAN COCA-COLA BOTTLERS” ŞİRKƏTİNDƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 13-də ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Ders “Azərbaycan Coca-Cola Bottlers” şirkətində olmuşdur.
Əvvəlcə zavodun baş direktoru Oğuz Aldemir “Azərbaycanda biznesə ümumi baxış” mövzusunda təqdimatla çıxış etmişdir. O.Aldemir bildirmişdir ki, şirkət Azərbaycanda qeyri-neft sektoruna cəlb edilən ilk və ən böyük xarici birbaşa investisiyalardan biridir. 1994-cü ildə fəaliyyətə başlayan şirkətin məhsulları 1996-cı ildə bazara çıxarılmış və tezliklə özünə geniş alıcı şəbəkəsi qazanmışdır.
Bu günədək şirkətin fəaliyyətinə 83 milyon 678 min ABŞ dolları vəsait cəlb edilmiş, dövlət büdcəsinə isə 85 milyon 867 min dollar ödənilmişdir. Şirkətin istehsal etdiyi müxtəlif çeşidli qazlı və sadə içkilər 96 yük avtomobili vasitəsilə satış məntəqələrinə çatdırılır. Yüksək keyfiyyəti ilə seçilən məhsullar beynəlxalq İSO 9001:2000 və TCCQS sertifikatlarına malikdir. Hazırda şirkətdə 300 nəfər işçi çalışır ki, bunlardan 297 nəfəri yerli əhalinin nümayəndələridir. Coca-Cola şirkəti tərəfindən hər il sosial layihələrə 100 milyon ABŞ dolları vəsait ayrıldığını qeyd edən baş direktor Azərbaycanda da bu istiqamətdə çoxsaylı layihələrin maliyyələşdirildiyini bildirmişdir.
Zavodda istehsal prosesləri ilə yaxından tanış olan xanım səfir burada çalışanlarla görüşərək onların iş şəraiti ilə maraqlanmışdır.
Xanım Ann Ders bu zavodda olmasından məmnunluğunu bildirmişdir. Coca-Cola dünyanın aparıcı məhsul markalarından biridir və xarici sərmayənin ölçüyəgəlməz dəyərinin gözəl bir nümunəsidir. Coca-Cola 1996-cı ildən bəri Azərbaycana 84 milyon dollara yaxın sərmayə yatırmış və 300 nəfəri işlə təmin etmişdir. Qoyulan bu sərmayə və iş yerləri həm də, bilavasitə başqa biznes imkanları və istehsal sahələri yaratmağa əsaslı kömək edir.
Bu sərmayə, həmçinin içki məhsulları sənayesində rəqabətədavamlı mühit yaratmağa kömək göstərərək, istehlakçıları əlverişli qiymətlərə əsaslanan keyfiyyətli məhsullarla təmin edir. Coca-Cola sosial həyatın bir sıra sahələri - mədəniyyət, idman, təhsil və icma fəaliyyətlərinə dəstək verir; humanitar məqsədlərə yardım göstərir və azərbaycanlıların sağlam həyat tərzinin inkişafına kömək edir.
Səfir demişdir ki, Azərbaycan artıq neft və qaz sektorunda əla investisiya şəraiti yaratmışdır. Lakin Coca-Cola şirkəti kimi daha çox sərmayə cəlb etmək üçün qeyri-enerji sektorunda da investisiya mühitini yaxşılaşdırmaq məqsədi ilə əhəmiyyətli işlər görülməlidir. ABŞ bu islahatları həyata keçirməkdə Azərbaycana kömək etmək məqsədi ilə onunla birgə çalışır. Biz Coca-Cola kimi, daha çox Amerika sərmayəsinin ən gözəl nümunələrini gələcək illərdə Azərbaycanda görməyimizə ümid edirik.
######
