ABŞ Senatında demokratlar sosial müdafiə üzrə irimiqyaslı plan təqdim ediblər
Vaşinqton, 10 avqust, AZƏRTAC
ABŞ Senatında demokratların avqustun 9-da təqdim etdikləri 3,5 trilyon dollar həcmində sosial müdafiə üzrə irimiqyaslı təklif milyonlarla amerikalının həyatında milli hakimiyyət orqanlarının rolunu kəskin şəkildə artıracaq.
AZƏRTAC xəbər verir ki, bu plan Prezident Co Baydenin 2020-ci ildə seçkiqabağı vədlərinin əksəriyyətini formal şəkildə özündə birləşdirir, yəni yoxsul insanlara Amerikanın orta təbəqəsinin həyatında iştirak etməyə daha çox fürsət verir. Eyni zamanda, bu plan çoxsaylı mövcud və yeni proqram üzrə dövlət xidmətlərini genişləndirə bilərdi. Plan 3-4 yaşlı uşaqlar üçün pulsuz ümumi məktəbəqədər təhsili və orta məktəb məzunları üçün yerli kolleclərdə ikiillik pulsuz təhsili təmin edə bilər. Plana müvafiq olaraq, yaşlı amerikalılar üçün stomatoloji, oftalmoloji xidmətlər və eşitmə aparatları üçün ilkin maliyyələşmə daxil olmaqla əlavə tibbi güzəştlərə federal xərclər artırılacaq.
Demokratların bu planı onsuz da daim respublikaçılar tərəfindən həddən artıq bahalı hesab edilərək pislənilir. Həmçinin planda iqlim dəyişmələrinə qarşı mübarizəyə, federal miqrasiya qanunlarının dəyişdirilməsinə sərmayənin yatırılması və reseptlə buraxılan dərmanların qiymətlərinin azaldılması təşəbbüsü nəzərdə tutulur. Bəzi qanunverici demokratlar da bu təklifin çox böyük dəyəri ilə bağlı öz şübhələrini səsləndiriblər. Belə ki, bütün artan xərclər vergilərin qaldırılması hesabına maliyyələşdiriləcək və müvafiq olaraq, bu, vergiödəyicilərinin narazılığı ilə nəticələnəcək.
Yolların və körpülərin təmiri, genişzolaqlı internetin qurulması, həmçinin dəmir yollarının və tranzitin genişləndirilməsi üzrə xərclər üzrə yeni təklif Senatda təsdiqlənməyə yaxın olan 1 trilyon dollar həcmində infrastruktur paketinə əlavədir.
AZƏRTAC-ın Vaşinqton bürosu