DÜNYA
ABŞ vətəndaşı 218 dollara aldığı “Appolon 11 EVA” videomateriallarını milyonlarla dollara satacaq
Bakı, 29 iyun, AZƏRTAC
ABŞ vətəndaşı Qeri Corc “Apollon-11” kosmik gəmisinin Aya enməsini göstərən videomaterialları 40 il əvvəl hökumətin keçirdiyi hərracda 218 dollara alıb. O, indi bu materialları televiziya kanallarına milyonlarla dollara satmağa hazırlaşır.
AZƏRTAC The Guardian qəzetinə istinadla xəbər verir ki, Corc üzərində “Apollon 11 EVA” yazılmış videomaterialları uzun illər saxlayıb və yüksək keyfiyyətinin pozulmamasına nəzarət edib. Bu videolarda 1969-cu ildə astronavtlar Nil Armstrong və Bazz Oldrinin Ayın səthinə enməsini göstərən yeganə orijinal görüntülər var. Videomateriallarda Nil Armstronqun məşhur “Bu insan üçün kiçik bir addım, bəşəriyyət üçün nəhəng bir sıçrayışdır” kəlamını söylədiyi kadr da var.
Qeri Corc iyulda videomaterialları Nyu-Yorkdakı “Sotheby” hərracında satışa çıxarmağa hazırlaşır. Onun təklif ediləcəyi ilkin qiymət 2 milyon dollar olacaq.
Kolleksiyada Bazz Oldrinin Ayən səthində minimal qravitasiya şəraitində addımlaması, ABŞ-ın dövlət bayrağının sancılması, nümunələrin götürülməsi kadrları əks olunub. Həmçinin ekipajın Prezident Riçard Niksonla telefonla danışması da bu kadrlara daxildir.
Las-Veqasdan olan təqaüdçü mexanik-mühəndis 65 yaşlı Gorc Reuters agentliyinə müsahibəsində sevincini gizlətməyib: “Mən təsəvvür belə etmirdim ki, necə bahalı bir videomaterialı saxlayıram. Mən onların ayrı-ayrı epizodlarını televiziya kanallarına da satdım”.
NASA 2006-cı ildə bəyan etmişdi ki, onun əməkdaşları astronavtların Aya enməsini göstərən video kadrların orijinalını tapa bilmir. Bu vaxt həmin agentlikdə çalışan dostu ilə birlikdə səyahət edən Corc bildirib ki, videomateriallar onun əlindədir.