Abşeronda Zəfər Günü silsilə tədbirlərlə qeyd olunur
Xırdalan, 7 noyabr, AZƏRTAC
Zəfər Gününün üçüncü ildönümündə respublikanın hər yerində olduğu kimi, Abşeron rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 8 Noyabr - Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, tarixi gün münasibətilə müxtəlif silsilə tədbirlər - “Zəfər dastanı” şeir müsabiqəsi, kitab və rəsm sərgiləri, dəyirmi masa və disputlar, ədəbi-bədii kompozisiyalar, fləşmob, açıq dərslər, idman yarışları və “Zəfər nəğməsi” adlı muğam festivalı keçirilib. Tədbirlər sırasında həyata keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində şagirdlər tərəfindən yazılan 100-dən artıq məktub əsgərlərə ünvanlanıb.
Müsabiqələrdə fərqlənən şagirdlərə fəxri fərman, diplom və təşəkkürnamələr təqdim edilib.
Xırdalan şəhərində, eləcə də rayonun kənd və qəsəbələrində keçirilən silsilə tədbirlərdə rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı 30 illik işğaldan azad etməsindən, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından danışılıb.
Zəfər Gününə həsr olunan silsilə tədbirlərdə iştirak edən şəhid ailələrinin üzvləri və qazilər dövlətimizin rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
“Hədəf” liseyi Abşeron filialında “Zəfərin balabilgələri” adlı tədbir yüksək həyəcan və sevinclə keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova və liseyin kollektivi iştirak edib. Xüsusi olaraq hazırlanan liseyin “CNC” aparatı işə salınıb, “STEAM”la tanışlıq olub. Bu aparatla Ümummilli Liderin Heydər Əliyevin portreti hazırlanıb. Eyni zamanda, rəngarəng rəsm sərgisinə baxış keçirilib.
Liseydə təhsil alan şəhidlərimizin övladlarına hədiyyələr təqdim edilib.