ADA Universitetinin müəllim və tələbələri üçün oftalmoloji aksiya keçiriləcək
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 24-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası ADA Universitetində akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində tibbi aksiya keçirəcək.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildirilib ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən ADA Universitetində tələbələrə və müəllim heyətinə tibbi xidmət göstəriləcək. Aksiyada məqsəd pasiyentlərin səhhətləri ilə bağlı problemlərin həll olmasına kömək etmək, eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir. Lazım gəldikdə isə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır.
Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş səyyar klinika təşkil edilib. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu, ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur.
Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, 2018-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.