ELM VƏ TƏHSİL
ADU-nun Konfutsi İnstitutu “Bakı - kitablar dünyası” adlı tədbir təşkil edib
Bakı, 5 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu X Bakı Beynəlxalq Kitab Sərgisində aparıcı Çin nəşriyyatları ilə birgə “Bakı - kitablar dünyası” adlı tədbir təşkil edib.
Konfutsi İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə Çinin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao Azərbaycan-Çin əlaqələrinin uğurlu inkişafından danışıb, mədəni mübadilənin dərinləşdirilməsində iki ölkənin klassik bədii ədəbiyyatının tərcüməsi və nəşri üzrə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə “Phoenix” Nəşriyyat və Media Qrupunun baş direktorunun müavini Zhou Jiangjun və Şərqi Çin Universiteti Nəşriyyat Evinin prezidenti Vanq Yanq kitab mübadiləsi, elm, təhsil və nəşriyyat sahəsində əməkdaşlıq planlarından danışıblar. Çin nümayəndələri Azərbaycan mədəniyyətinə heyran olduqlarını bildirərək tədbirin iki xalq arasında dostluğun daha da dərinləşməsinə xidmət edəcəyini vurğulayıblar.
ADU-nun Konfutsi İnstitutunun direktorları Rafiq Abbasov və Li Cihua kitabxanaya verilən Çin kitablarına görə qonaqlara minnətdarlıqlarını bildirib, Azərbaycanda Çin dili və mədəniyyətinə marağın artdığını qeyd ediblər. Vurğulanıb ki, Çin kitabları iki mədəniyyəti birləşdirən körpü kimi Konfutsi İnstitutunun tələbələrinə Çinin tarixi, mədəniyyəti və sivilizasiya dəyərlərini daha dərindən öyrənməyə kömək edəcək.
Mədəni proqram çərçivəsində Konfutsi İnstitutunun müəllim və tələbələri Çin çayı mərasimi keçirib, xəttatlıq sənətini nümayiş etdiriblər. Eyni zamanda, Pekin operasından ariya, ənənəvi xalq mahnıları və Çin fleyta və arfa alətlərində musiqi əsərləri ifa olunub.