AFR XARİCİ İŞLƏR NAZİRİNİN ABŞ-A DÖRDGÜNLÜK SƏFƏRİ BAŞLANMIŞDIR
Almaniya kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə, bu ölkənin federal xarici işlər naziri Yoşka Fişerin ABŞ-a dördgünlük səfəri başlanmışdır. AZƏRTAC-ın xüsusi müxbiri Berlindən xəbər verir ki, Y.Fişer səfər çərçivəsində amerikalı həmkarı Kolin Pauell, vitse-prezident Dik Çeyni və digər dövlət rəsmiləri ilə danışıqlar aparacaqdır. Almaniya xarici siyasət idarəsi rəhbərinin ABŞ-a təcili səfəri nə məqsəd daşıyır? Məlumdur ki, ABŞ-ın müdafiə naziri Donald Ramsfeldin Almaniya və Fransanın silahlı qüvvələrinin İraqda sülhməramlı missiyalara cəlb edilməsi təklifi bu dövlətlər tərəfindən dəstəklənməmiş, əvvəlcə Fransa, onun ardınca isə Almaniya öz hərbi qüvvələrinin İraqda sülhməramlı missiya tərkibində iştirakından imtina etmişlər. Nazir Yoşka Fişerin ABŞ-a səfəri ərəfəsində KİV nümayəndələrinə müsahibəsində federal kansler Gerhard Şröder Almaniyanın sülhməramlı missiyalarda iştirak etməsinin yalnız BMT-nin mandatı və İraqın yaradılmaqda olan yeni hökumətinin tələbi və dəvəti ilə mümkün olduğunu bildirmişdir. Almaniyanın xarici işlər naziri ABŞ-a rəsmi Vaşinqton və Berlin arasında münasibətlərdə “soyuqluq” yaratmış bu məsələyə konkretlik və şəffaflıq gətirmək məqsədi ilə yola düşmüşdür. Danışıqlar zamanı Yaxın və Orta Şərqdə siyasi durum, beynəlxalq terrorizmə qarşı mübarizə və beynəlxalq təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olacağı gözlənilir.