Ağacların gövdəsi süni örtükdən təmizlənib
Bakı, 16 iyun, AZƏRTAC
Sumqayıt şəhəri, “Spartak” mini futbol meydançasının qarşısında ağacların gövdəsinin süni örtüklə örtülməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı həmin ünvanda 4 şam ağacının gövdəsinin stadionun işçiləri tərəfindən bəzək məqsədilə süni örtüklə örtüldüyü müəyyən edilib. Mütəxəssislər tərəfindən ağaclara keçirilən baxış zamanı onların bioloji inkişafda olduğu məlum olub.
Xidmətin əməkdaşlarının nəzarəti altında stadionun işçiləri tərəfindən ağacların gövdəsi süni örtükdən təmizlənib və onlara aqrotexniki qulluq göstərilib.