Ağcabədi şəhərini içməli su ilə təmin etmək məqsədilə 14 subartezian quyusu qazılıb
Bakı, 6 aprel, AZƏRTAC
Ağcabədi şəhərini içməli su ilə təmin etmək məqsədilə 14 subartezian quyusu qazılıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Ağcabədi şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində tikinti-quraşdırma işləri intensiv qaydada davam etdirilir. Layihənin icra vəziyyəti və gələcəkdə görüləcək işlər “Azərsu” ASC-nin, rayon icra hakimiyyətinin rəsmilərinin, podrat təşkilatlarının nümayəndələrinin iştirak etdiyi görüşdə ətraflı müzakirə edilib.
Tədbirdə Ağcabədi şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində indiyədək görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, Ağcabədi şəhərində yeni içməli su və kanalizasiya sistemlərinin yaradılması əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına töhfələr verəcək.
“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov layihənin vaxtında və keyfiyyətlə icra olunması üçün bütün qüvvələrin səfərbər olunması, şəhərin əsas küçələrində qazıntı işləri aparılarkən ətraf mühitin qorunması və nəqliyyatın hərəkətinə problem yaradılmaması ilə bağlı tapşırıqlar verib.
“Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Layihəyə əsasən, Ağcabədi şəhərini içməli su ilə təmin etmək məqsədilə 14 subartezian quyusu qazılıb, 28,7 kilometr uzunluğunda magistral su xəttinin 27,2 kilometrlik hissəsi tikilib. Ümumi tutumu 10 min kubmetr olan 2 su anbarının tikintisi işləri isə davam etdirilir.
Layihədə nəzərdə tutulan 214 kilometr su şəbəkəsinin 186,7 kilometrlik hissəsində işlər yekunlaşıb. Yeni yaradılmış şəbəkədən abonentlərə ev birləşmələri verilir, sayğaclar quraşdırılır. Ağcabədi şəhərində tullantı sularının idarə edilməsi məqsədilə 205 kilometr kanalizasiya şəbəkəsinin 191 kilometri inşa edilib, 4 kanalizasiya-nasos stansiyasından 3-ü quraşdırılıb.
Layihə çərçivəsində Ağcabədi Sukanal İdarəsi üçün müasir tipli inzibati binanın tikintisinə başlanılıb. Su və kanalizasiya şəbəkələrinin tikintisinin 2018-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bununla da şəhər əhalisi 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq.
Şəhərdə yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğu tikiləcək.
Qeyd edək ki, Ağcabədi şəhərinin mövcud içməli su təchizatı və kanalizasiya sistemləri 1960-70-ci illərdə yaradılıb. Həmin illərdə tikilmiş sistemlər şəhəri tam əhatə etməməklə yanaşı, istismara yararsız vəziyyətə düşüb.
Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Ağcabədi şəhəri ilə yanaşı, Göyçay, Ağdaş və Beyləqan şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Artıq Göyçay və Beyləqan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb, Ağdaş şəhərində isə işlər yekunlaşmaq üzrədir.