Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO
Hacıqabul, 8 iyun, AZƏRTAC
Hacıqabulda açıq ərazidə baş verən yanğın söndürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaxınlıqda yerləşən neft quyuları və fermer təsərrüfatları mühafizə olunub, yanğın tam söndürülüb.
16:34
Hacıqabulda açıq ərazidə baş verən yanğın hadisəsinin qarşısının alınması üçün qonşu rayonlardan da texnikalar və canlı qüvvə cəlb edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Hacıqabul rayonunun Ağacanlı kəndinin açıq ərazisində qeydə alınıb. Sözügedən ərazidə kol-kos sahədə və yararsız şinlər toplanan yerdə yanğın başlayıb. Alov qısa müddətdə güclənib və 6 hektara yaxın sahəyə yayılıb. Yanğının təsirindən yüksəkgərginlikli naqil qırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul, Şirvan, Sabirabad və Salyan rayon Yanğından Mühafizə Hissələrinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəzarətə götürülüb, yaxınlıqda yerləşən neft quyuları və fermer təsərrüfatları mühafizə olunub.
Hazırda yanğının tam söndürülməsi üçün lazımi tədbirlər görülür.
Müxbir - Aydın Yavərzadə